Reklam
Reklam

1. Ailəsi və uşaqlığı

Uşaqlıq illəri haqqında məlumat çox azdır.

“Uşaqlığımı xatırlayanlar... mənim sakit və samit (səssiz) bir bala olduğumu söylərlər. Balacaların istədiklərini aldırmaq üçün yeganə silahları olan giryədən mən çox az istifadə eləmişəm".  (Məmməd Əmin Rəsulzadə “İqbal” qəzeti. 1913-cü il)

Babası: Məmmədrəsul Rəsulzadə. Bakıda “Nizami” metrostansiyası onun mülkünün yerində tikilmişdir,

Atası: Axund Hacı Əliəkbər. Məmmədrəsul kişinin üç övladından biridir (digər övladları: Əbdüləziz və Dostuxanım).

Anası: Zal qızı Ziynət xanım. M.Ə.Rəsulzadə 7 yaşında ikən rəhmətə gedib.

Analığı: Maral xanım. O, Məmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. 1937-ci ildə həbs olunaraq Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

İlk həyat yoldaşı: Ümbülbanu xanım. 1888-ci ildə anadan olub. Rəsulzadənin əmisi qızı olub. Onların 1908, yaxud 1909-cü illərdə ailə qurduğu bildirilir. Bolşevik işğalından sonra dərhal təqiblərə məruz qalıb. Əvvəlcə Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsinə, sonradan isə Taldı-Kurqana sürgün olunub. 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.

İkinci həyat yoldaşı: Vanda (Leyla) Rəsulzadə. Məmməd Əmin mühacirətdə ikən həyat yoldaşının vəfat etdiyini öyrəndikdən bir müddət sonra onunla evlənib. Polyak əsilli olub, 1885-ci ildə Varşavada doğulub. Varşava Universitetini bitirib. 974-cü ildə dünyasını dəyişib və Rəsulzadə ilə eyni məzarlıqda – Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib.

2. Təhsili

      6 yaşında ikən Novxanı məscidinin axundu olan atasından ərəb dilini öyrənib. İlk təhsilini görkəmli pedaqoq Sultan Məcid Qənizadənin müdirlik etdiyi İkinci Rus-Tatar məktəbində alıb. Bu məktəbdə dərslər xüsusi  proqramla keçilir, riyaziyyat, təbiət, coğrafiya, tarix kimi fənnlər tədris edilirdi.

      İkinci Rus-Tatar məktəbini bitirdikdən sonra tasının istəyi ilə Məmməd Əmin Bakı Texniki məktəbini seçməli olub. Lakin bu məktəb və seçdiyi ixtisas ürəyincə olmadığı üçün təhsilini yarımçıq qoyub.

3. Gənclik illəri (1901-1908)

      Məmməd Əmin 1901-ci ildə “Kaspi” qəzetinin mətbəəsində fəhləliyə başlayıb. Qısa müddət  sonra isə mürəttib işinə keçirilib. 1903-cü ildə Azərbaycanda ilk gizli siyasi təşkilat – sosial-demokrat məfkurəli “Türk-müsəlman gənc inqilabçılar dərnəyi” (bəzi mənbələrdə:  “Müsəlman Gənclik Təşkilatı” – red.) yaradıb. Çar müstəmləkəçiliyi və sosial ədalətsizlik əleyhinə inqilabi bəyannamələr yazıb, çalışdığı “Kaspi”tbəəsində gizli şəkildə çap etdirirərək yayıb.

      1904-cü ildə inqilabçı gənclərlə birgə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində “Hümmət” təşkilatının yaradılmasında yaxından iştirak edib. Təşkilatın əsas məqsədi yerli fəhlələri maarifləndirmək, millətlərarası toqquşmalara mane olmaq, çarizmə qarşı etiraz aksiyalarına dəstək vermək, Azərbaycanda və Rusiyanın digər yerlərində müsəlmanları inqilabi hərəkata cəlb etmək idi.

      1904-cü ilin iyununda Məmməd Əmin fəhlələrin etraz mitinqlərini təşkil etmək üçün Bakıya gələn “Koba” ləqəbli İosif Cuqaşvili (sonralar: İosif Stalin) tanış olur.

      Həmçinin bax: Rəsulzadə və Koba

      Çar rejiminin imperiya boyunca artan narazılıqları səngitmək məqsədilə verdiyi azadlıqlar çərçivəsində Məmməd Əmin Rəsulzadə 1905-1908-ci illərdə həm mətbu fəaliyyətini gücləndirir, həm milli-mədəni işlərdə, həm də paytaxtın ictimai həyatında aktivlik göstərir.

1907-ci ildə öz dövrünün məşhur təşkilatlarından biri olan “Nicat” mədəni-maarif cəmiyyətini rəhbəri, ixtisasca həkim olan  Həsən bəy Ağayev üzləşdiyi təqiblərdən yaxa qurtarmaq üçün İrana üz tutmaq məcburiyyətində qalır. Bu səbəbdən də 1907-ci il noyabrın 12-dən həmin təşkilata rəhbərlik Rəsulzadəyə tapşırılır. 1908-ci ilin yanvarından isə o, ümumi toplantıda cəmiyyətin sədri sədri seçilir.

      1905-1908-ci illərdə Məmməd Əmin bədii yaradıcılıqla da fəal məşğul olub. “Nagəhan bəla” və “Qaranlıqda işıqlar” adlı iki pyes yazıb. 1908-ci il  dekabrın 5-də “Nicat” cəmiyyətinin köməyi ilə “Qaranlıqda işılqar” Tağıyev teatrında tamaşaya qoyulub. 

4. Məmməd Əmin Rəsulzadə və milli mətbuat (1906-1917-ci illər)

     Rəsulzadə 1906-cı ilin yanvarından etibarən Əhməd bəy Ağaoğlunun rəhbərlik etdiyi “İrşad”  qəzeti ilə əməkdaşlığa başlayıb. 3 il boyunca, 1906-1908-ci illər ərzində Məmməd Əminin bu qəzetdə 50-yə yaxın məqaləsi çap olunur. Qəzetin son dönəmlərində isə onun fəaliyyətinə rəhbərlik edib.

     1906-1907-ci illərdə cəmi 14 sayı çıxmış “Təkamül” qəzetində də 40-dan Rəsulzadənin çox yazısı çap olunmuşdu. Bundan başqa, o, “Yoldaş” adlanan qəzet təsis etmişdi. Həmin qəzetin həftədə iki dəfə nəşr olunması nəzərdə tutulmuşdu, lakin cəmi 3 nömrədən sonra bağlandı.

 Rəsulzadənin 1905-1908-ci illərdə xüsusilə aktiv mətbu fəaliyyəti, cəmiyyətin və xalqın yaşadığı ağrılardan cəsarətlə, ustalıqla yazması həmin vaxt “Molla Nəsrəddin” dərgisini çıxaran Mirzə Cəlilin (Cəlil Məmmədquluzadə) də diqqətini çəkmiş və o, gənc Rəsulzadəni təqdir eləmişdi.

      Həmçinin bax: Mirzə Cəlil Məmməd Əmin Rəsulzadəni niyə alqışlamışdı?

      Məmməd Əminin redaktoru olduğu  “Yeni iqbal” qəzetindəki yazıları “hökumət üçün zərərli” sayıldığından Bakı senzoru tərəfindən səhifədən çıxarılır, bundan başqa, çar xəfiyyələri Rəsulzadəni davamlı şəkildə izləyirdilər. 1915-ci ci il  mayın 19-da Məmməd Əmin həbs edildi. Onun haqqında açılan 1853 saylı cinayət işində həbsin səbəbi kimi “hərbi vəziyyət elan edilmiş yerlərdə ictimai qaydaları pozması” göstərilmişdi. Həmin il iyulun 25-də “başqa cinayətlərinin olmamasını” nəzərə alan hökumət Məmməd Əmini azadlığa  buraxdı. 2-3 ay sonra isə Rəsulzadənin imzası mətbuat səhifələrində yenidən göründü. 1915-ci il oktyabrın 2-də ilk sayı işıq üzü görən “Açıq söz” qəzeti həm onun tərcümeyi-halında, həm də Azərbaycanın milli mücadilə tarixində yeni mərhələ təşkil edir. Qəzetin urucusu və redaktoru, eyni zamanda ən fəal yazarı Rəsulzadənin özü idi. Qəzet milyonçu İsa bəy Aşurbəyovun keçmiş “Kaspi” mətbəəsində çap edilirdi.

      “Açıq söz” qəzetində Azərbaycanın ictimai-siyasi fikir tarixində ilk dəfə olaraq istiqlal uğrunda gələcək mübarizə konsepsiyasını – “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı açıq şəkildə təbliğ olunurdu. 

      Rəsulzadə qəzetin redaktoru olmaqla yanaşı, ən fəal yazarı idi. O, "Açıq söz"ün səhifələrində baş məqalələr, analitik yazılar, icmal və  xülasələr ilə çıxış edirdi.

5. Məmməd Əmin Rəsulzadə İranda (1908-1911-ci illər)

     Məmməd Əmin hələ 1908-ci ilin avqustunda   “Tərəqqi”nin xüsusi müxbiri kimi Qacar dövlətinə – indiki İrana səfər etmişdi. Rəsulzadənin səfər təəssüratları  “İrana dair” və “Təbriz əhvalatları” başlıqları altında, silsilə yazılar şəklində çap olunmuşdu.

     1908-ci ilin sonlarında o, çar hökuməti tərəfindən həbs təhlükəsi ilə üzləşdiyi üçün Bakını tərk edərək İrana üz tutdu. O, Təbrizdə Səttarxanla və onun silahdaşları ilə görüşmüş, Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları ilə birlikdə 1910-cu ilin sentyabrında  İran Demokrat Partiyasının əsasını qoymuş, "İrane-nou" və "İrane Ahat" qəzetlərini çıxarmışdı. Məmməd Əmin “İrane-nou”da istər Rusiyanın, istərsə də İngiltərənin İrana təcavüzünü və zorakılıq siyasətini davamlı tənqid atəşinə tuturdu. Bu tənqidlərə dözümsüz yanaşan çar hökuməti İranın şahlıq üsuli-idarəsindən Rəsulzadəni ölkədən çıxarmağı tələb etdi. Nəticədə “İrane-nou”un 1911-ci il mayın 25-dəki sayında baş redaktor Məmməd Əminin istefa məktubu dərc olundu. Qəzetin naşiri Seyid Şəbüstəriyə ünvanlanan həmin məktubda Rəsulzadə qarşılaşdığı maneələr ucbatından İranı tərk etməyə məcbur olduğunu və çarəsizlikdən doğan bu istefaya görə üzüldüyünü bildirirdi. Bir neçə gün sonra isə o, əqidə dostu Seyid Həsən Tağızadə ilə birlikdə Qacar dövlətini tərk etdi.

6. Osmanlı imperiyasına mühacirəti (1911-1912-ci illər)

    1911-ci il iyulun sonlarında Məmməd Əmin Bakını tərk edib İstanbula yola düşdü. Həmin vaxt Çar Rusiyasının açıq fikirli türk-müsəlman ziyalıları təqiblərdən qurtulmaq üçün İstanbula sığınırdılar. 

    Rəsulzadə İstanbulda məşrutəçi dostu Tağızadə yenidən görüşdü, Bakıdan yaxından tanıyıb yaxşı münasibətdə olduğu Əli bəy  Hüseynzadə və  Əhməd bəy Ağaoğlu ilə bir araya gəldi. Rəsulzadə onların vasitəsilə tatar əsilli Yusif Akçura, Ziya Göyalp kimi fikir adamları ilə tanış oldu.

    Rəsulzadənin 1911-ci ilin avqustunda İstanbulda təsis edilmiş “Türk yurdu” cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmiş, cəmiyyətin elə həmin ilin noyab­rında nəşr olunmağa başlayan eyni adda dərgisində onun məqalələri işıq üzü görmüşdür. 

Rəsulzadə İstanbulda olarkən onun təklifi ilə Abbasqulu Kazımzadənin Novxanıdakı evində Azərbaycanda ilk siyasi partiya təsis edilmişdir. Təsisçi qismində Məmməd Əli yanaşı Tağı Nağıoğlu və ev sahibi çıxış etmiş, təşkilata isə  “Müsəlman Demok­ratik Partiyası – Müsavat” adı verilmişdi.

    1913-cü ilin fevralında Rusiyada Romanovlar sülaləsinin taxta çıxmasının 300 illiyi ilə bağlı çar II Nikolay ümumi əfv fərmanı imzaladı. Bu fərman təkcə həbsdəki dustaqlara deyil, Rəsulzadə kimi siyasi motivlərə görə təqib olunan mühacirlərə də şamil edildi. Elə həmin ilin martında Məmməd Əmin Bakıya qayıtmışdır. 

Bax: Müsavat partiyası necə yarandı?

7. Rəsulzadənin Fevral inqilabından (1917) sonrakı fəaliyyəti

    1917-cil fevralın 27-də burjua-demokratik inqilabı nəticəsində Romanovların 300 illik hakimiyyətinə və monarxiya üsul-idarəsinə son qoyuldu. 

    Keçmiş Rusiya imperiyasının bütövlüyünü saxlamağa çalışan Müvəqqəti hökumət yerlərdə, o cümlədən Cənubu Qafqazda öz idarəetmə orqanlarını yaratmağa başladı. 1917-ci il martın 9-da Qafqaz canişinliyi Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) ilə, qubernatorlar isə quberniya komissarları ilə əvəzləndi. Bakıda Müvəqqəti hökumətin ali hakimiyyət orqanı kimi İctimai Təşkilatların İcraiyyə komitəsi quruldu. İcraiyyə komitəsində azərbaycanlı əhalini Məmmədhəsən Hacınski ilə Rəsulzadə təmsil edirdilər.

    Rəsulzadə və məsləkdaşları 1917-ci il martın 27-də Ümumrusiya Müsəlmanlar Şurası Bakı filialının  Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar. Müsavatçı hüquqşünas Məmmədhəsən Hacınski həmin komitənin sədri, Məmməd Əmin isə onun müavini təyin olundu.  Azərbaycanın müsəlman əhalisinin bütün təbəqələri, siyasi partiya və təşkilatları, cəmiyyətləri bu şurada təmsil edilirdi. Komitənin bütün bölgələrdə şöbələri var idi.

    Bu dövrdə Rəsulzadə milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada "Milli-məhəlli (ərazi) muxtariyyət" verilməsi uğrunda mübarizə aparırdı. Qafqaz müsəlmanlarının Bakı (1917-ci il, aprel) və Rusiya müsəlmanlannın Moskva (1917-ci il, may) qurultaylarında öz mövqeyini uğurla müdafiə edirdi. Xüsusilə Moskva qurultayında onun Azərbaycan dilində etdiyi çıxışda irəli sürülən "Milli-məhəlli (ərazi) muxtariyyət" proqramı tatar ictimai xadimi Əhməd Salikov və tərəfdarlarının "milli-mədəni muxtariyyət" proqramından fərqli olaraq böyük səs üstünlüyü ilə (446:291) qəbul olundu. Bu, Rusiyanın türk xalqları arasında Məmməd Əminin nüfuzunu daha da artırdı. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi. 

    1917-ci ilin iyununda Müsavatla Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşdi. Həmin  ilin oktyabrında "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın 1-ci qurultayında Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi. O, qurultaydakı çıxışında partiyanın mübarizə istiqamətini müəyyən edərək bildirdi: "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!"

8. Rəsulzadə Zaqafqaziya Seymində (1918)

    1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəssislər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər. Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Məmməd Əmin Rəsulzadə də Seymin üzvlərindən biri idi. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Rəsulzadə bu fraksiyanın ən çox üzvə sahib olan "Müsəlman və demokratik bitərəflər qrupu" ilə Müsavatın rəhbəri olaraq fraksiya sədri seçildi.

    1918-ci il aprelin 22-də müsəlman fraksiyasının təkidi ilə Zaqafqaziya Seyminin geniş iclası keçirildi və müstəqil, demokratik, federativ Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul edildi. Aprelin 20-də azərbaycanlılara qarşı Bakı soyqırımları ilə bağlı məsələnin müzakirəsi zamanı yaranmış hökumət böhranı nəticəsində Zaqafqaziya hökuməti istefa verdi. Zaqafqaziya Seymi həmin gün Zaqafqaziya hökumətini yeni tərkibdə təsdiqlədi. Lakin 1918-ci il mayın sonuncu ongünlüyündə milli fraksiyalar arasında fikir ayrılıqlarının qüvvətlənməsi Zaqafqaziya Seyminin dağılması ilə nəticələndi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi və Seymin buraxıldığı elan olundu. Bu isə bölgədə müstəqil respublikaların, o cümlədən Azərbaycan Cümhuriyyətinin yaradılmasına gətirib çıxardı. 

9. Rəsulzadə Azərbaycan Cümhuriyyətinin Milli Şurasında

    Zaqafqaziya Seymində Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – "Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları ilə təmsil olunurdu. Seymin buraxılmasının ertəsi günü – mayın 27-də Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağırıldi.

    Həmin vaxt Məmməd Əmin Rəsulzadə Osmanlı dövləti ilə danışıqlarda iştirak etmək üçün Batumda idi. O, Zaqafqaziya Seyminin dağılmaq üzrə olduğundan və gürcülərin öz müstəqilliklərini elan etməyə hazırlaşdığından xəbər tutan kimi İstiqlal Bəyannaməsinin layihəsini hazırlayaraq yaradılması nəzərdə tutulan Milli Şurada oxunmaq üçün Nəsib bəy Yusifbəyliyə verdi və mayın 25-də gecə onu təcili Tiflisə yola saldı. Özü isə Batumda qaldı, belə ki, məhz burada bütün Qafqazın taleyi həll olunmalı idi. Məqsəd Osmanlı ilə ikitərəfli danışıqları davam etdirmək və hərbi yardım almağa nail olmaq idi.

    Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Həmin iclasda müstəqillik haqqında Akt – İstiqlal bəyannaməsi qəbul edildi. Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məmməd Əmin Rəsulzadə, onun müavini Həsən bəy Ağayev, İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.

    Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini imzaladı.  Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və  daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərməyi öz üzərinə götürürdü.

    Azərbaycan Milli Şurası iyunun 17-də fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə təhvil verdir. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Rəsulzadə isə Azərbaycan Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinin rəhbəri kimi Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski ilə birgə Türkiyəyə yola düşdü.

10. Rəsulzadənin Sultan VI Mehmetlə görüşü və Bakının qurtuluşu

    1918-ci il sentyabrın 6-da Türkiyədə yenicə hakimiyyətə gəlmiş Osmanlı sultanı VI Mehmet İstanbulda Rəsulzadə, Xasməmmədov və Səfikürdskidən ibarət Azərbaycan nümayəndə heyəti ilə görüşdü. Onları sultana ölkənin müdafiə naziri, artıq Azərbaycandakı vəziyyətə yaxşı bələd olan Ənvər Paşa təqdim etdi.

    Rəsulzadə çıxışında sultanın Azərbaycan türklərinə səmimi qardaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirdi. Bakının azad edilməsi işində Türkiyənin qardaşlıq köməyinin tarixi bir addım olduğunu dedi. Sultan isə Azərbaycan nümayəndələrini əmin elədi ki, ümumi düşmənlə mübarizə son qələbəyə qədər davam etdiriləcək. Bu mühüm görüşdən sonra Osmanlının hərbi rəhbərliyi Bakının azadlığı üçün əməliyyatları daha da sürətləndirdi. 

    Nəticədə 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakı şəhərini bolşevik-daşnak hərbi birləşmələrindən təmizlədi.

11. Rəsulzadə Azərbaycan Cümhuriyyəti parlamentində

    Hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında həmin il dekabrın 3-də Müəssislər Məclisinin – geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul edildi. 1918-ci il noyabrın 29-da isə Rəsulzadənin imzası ilə Azərbaycan Milli Şurası adından Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnamə dərc olundu. Orada dekabrın 3-nə qədər 120 üzvdən ibarət Məclisi-Məbusanın çağrılacağı bildirilirdi.

    Məclisi-Məbusanın ilk iclası 1918-ci il dekabrın 3-də, saat 13:25-də öz işinə başladı. Parlamentdə Milli Şuranın 44 üzvü ilə yanaşı, keçmiş milli komitələr xətti ilə şəhər və qəzalarda seçilən 36 deputat təmsil olunurdu.

    Rəsulzadə parlamentin açılışında tarixi nitq söylədi:

"...Səadət hürriyyət və istiqlaldadır. Bunun üçün də əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç rəngli bayrağı Milli Şura qaldırmışdır... Bir dəfə qaldırılmış bayraq, bir daha enməyəcəkdir!”

   Rəsulzadənin başçılıq etdiyi Müsavat fraksiyasının təklifi ilə ölkənin Türkiyədə olan fövqəladə və səlahiyyətli nümayəndəsi Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun müavini seçildi. İstanbulda olduğu üçün Topşubaşov iclasa qatılmamışdı. Sonralar isə Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etməsi səbəbindən o, parlamentin işində iştirak edə bilmədi.

    Rəsulzadə parlamentin işində yaxından iştirak etmişdir. Onun bir çox məsələlərdə ağıllı, qətiyyətli mövqeyi düzgün qərarların qəbul edilməsi ilə nəticələnmişdir. Buna misal  1919-cu ilin avqustunda "Azərbaycan Darülfünunun (indiki Bakı Dövlət Universiteti) təşkili haqqında qanun layihəsi"nin qəbulundakı rolunu qeyd etmək olar. Universitet fəaliyyətə başladıqdan sonra Rəsulzadə orada Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.

    Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında isə yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə münsiflər heyəti yaradıldı. Çox keçmədən isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrin siyahısı təsdiqləndi.

    1920-ci il aprelin 27-də günorta saat 12-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşeviklər) Partiyası Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından parlamentə 12 saatlıq ultimatum verildi. Ultimatumu müzakirə etmək üçün yaradılan parlament komissiyası ilə bolşeviklər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasına çıxarılsın. Parlamentin elə həmin gün sayca yüz qırx beşinci və sonuncu iclası keçirildi. Məmməd Əmin Rəsulzadə iclasın xalqa açıq şəkildə keçirilməsini təklif etdi və bu təklif qəbul olundu. O, iclasda özünün növbəti tarixini nitqini söylədi: "Əfəndilər!.. Bizi aldadırlar. Gələn rus ordusudur. Komandanı bir türk olsa da, yenə... istila ordu­sudur.... Anadolunun imdadına getmək bəhanəsilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir".

   Rəsulzadə çıxış yolu olaraq iki təklif irəli sürdü: yeni hökumət formalaşdıraraq ona fövqəladə səlahiyyətlər vermək və ultimatumu rədd eləmək. Çıxışının sonunda o, bir daha vurğuladı ki, bolşeviklərin ultimatumu ilə razılaşmaq "hökuməti öz əliylə dost qiyafəsinə bürünmüş düşmənə təslim etməkdir".

   İclas salonuna toplaşan xalq nümayəndələri Rəsulzadənin bu alovlu nitqini gurultulu alqışlarla qarşıladılar, lakin parlament üzvlərinin əksəriyyəti təslimçi  mövqedən çıxış edərək, ultimatumun qəbuluna tərəfdar çıxdılar. Nəticədə hakimiyyətin Azərbaycan kommunistlərinə təhvil verilməsi barədə qərar qəbul olundu.

12. Rəsulzadə aprel işğalından sonra (1920-1922-ci illər)

    Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu başa düşən Rəsulzadə Bakını tərk edərək Məmməd Əli və Abbasqulu Kazımzadə ilə Basqala, sonra Lahıca gəldilər. İzlənmək ehtimalına görə onlar yerlərini mütəmadi dəyişirdilər. 

    Rəsulzadə Lahıcda özünün ən orijinal və gələcək nəsillərin stolüstü kitabına çevriləcək əsərlərindən birini – “Əsrimizin Siyavuşu”nu qələmə aldı. Həcmcə kiçik, lakin ideya və məzmun baxımından çox dərin olan bu əsərin üzünü köçürüb qaldığı evin sahibinə verdi. Həmin etibarlı şəxs 3 ildən sonra “Əsrimizin Siyavuşu”nu müxtəlif yollarla İstanbulda olan Rəsulzadəyə çatdıracaqdı...

    Çox keçmədi ki, bolşeviklər Lahıcda gizlənmiş Rəsulzadənin  izinə düşə bildilər. Belədə o, 1920-ci il avqustun 25-də Lahıcı tərk etmək məcburiyyətində qaldı və Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. Lakin bir müddət sonra Stalin həbsxanada onun görüşünə gəldi və bu görüşün ardından Rəsulzadə azadlığa buraxıldı, ailəsi ilə görüşüb vidalaşdıqdan sonra Moskvaya getdi. Burada bir müddət RSFSR Millətlər Komissarlığında çalışan Rəsulzadə oradan Petroqrada (Peterburqa), sonra Finlandiyaya, axırda isə Türkiyəyə mühacirət etdi.

    Bax: Rəsulzadə və Koba

13. Rəsulzadənin SSRİ-dən qaçışı və mühacirət illəri (1922-1955)

    Petroqraddakı tatar icması fəallarının köməyi ilə öncə gecəyarısı qayıqla Finlandiya ərazisinə keçən Rəsulzadə buradan isə Əlimərdan bəy Topçubaşinin Parisdən göndərdiyi Azərbaycan Cümhuriyyəti pasportu ilə Helsinkiyə yetişdi. Viza işlərini tamamladıqdan sonra Məmməd Əmin 1922-ci il sentyabrın 19-da dəniz yolu ilə Berlinə getdi. Bir müddət orada qaldıqdan sonra  Paris üzərindən keçməklə İstanbula gəldi.

    Rəsulzadənin 33 illik çətin, gərgin mühacirət həyatı dörd dövrə ayrılır:

1. Türkiyə dövrü: 1922-1929-cu illər

2. İlk Avropa dövrü. Fransa, Almaniya, Polşa: 1929-1939-cu illər

3. İkinci Avropa dövrü. Rumıniya və Almaniya dövrü: 1940-1947-ci illər

4. İkinci Türkiyə dövrü: 1948-1955-ci illər

  Mühacirət illərində Rəsulzadə Cümhuriyyətin süqutu nəticəsində xaricə üz tutmaq məcburiyyətində qalan Azərbaycan mühacirlərinin yenidən təşkilatlanması, milli istiqlal məfkurəsinin yaşadılması və Cümhuriyyətin bərpa edilməsi, Azərbaycanda sovet işğalı ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində səylə çalışmış, bu işğalın sona çatdırılması üçün yollar axtarmış, bütün bu məqəsdlərə çatmaq üçün çox sayda qəzet və dərgilər çıxarmış, Azərbaycan siyasi tarixinə, ədəbiyyatına və azadlıq mübarizəsinə dair bir-birindən maraqlı elmi əsərlər, yüzlərlə məqalə yazmışdır.

    Onun rəhbərliyi altında 1923-cü ilin sentyabrın 26-dan Türkiyənin İstanbul şəhərində nəşr etməyə başladığı "Yeni Qafqasya" jurnalı Azərbaycan mühacirət mətbuatının ilk nümunəsidir.

    Bundan başqa, Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə "Azəri türk” (1928-1931), "Odlu yurd” (1929-1930) jurnalı və həftəlik "Bildiriş” (1929-1931) qəzetləri də işıq üzü görüb.

    Avropa mühacir dövrü də Rəsulzadə üçün kifayət qədər məhsuldardır. 1930-cu ildə Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyət”, rus dilində isə "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olunub. 1932-ci il yanvarın 10-dan Rəsulzadə Berlində "İstiqlal" qəzetinin nəşrinə başlayıb. Daha sonra “Qurtuluş”  dərgisini nəşr etdirən Rəsulzadənin redaktorluğu ilə Berlində alman dilində "Azərbaycan problemi”, 1933-cü ildə Varşavada polyak dilində "Azərbaycanda milli hərəkat” və 1938-ci ildə "Azərbaycanın hürriyyət savaşı” adlı kitabları işıq üzü görüb. 1938-ci ildə Polşa hökumətində məsləhətçi işləyib, 1940-cı ildən Rumıniyada yaşayıb. İkinci Dünya müharibəsinin sonlarına yaxın Rəsulzadənin başçılığı altında Münhendə "Azərbaycan Birliyi” adlı cəmiyyət qurulub. Cəmiyyət azərbaycanlı əsirlərin xilasında həlledici rol oynayıb. 1947-ci ildə yenidən Türkiyəyə qayıdan Rəsulzadə burada müxtəlif illərdə “Çağdaş Azərbaycan ədəbiyyatı”, "Çağdaş Azərbaycan tarixi” kitabları, 1951-ci ildə isə "Azərbaycan şairi Nizami” adlı məşhur monoqrafiyası çap olunub.

    Məmməd Əminin Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna" toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində "Azərbaycan respublikası" məqaləsi çap edilib. Londonda ingilis dilində nəşr olunan Britaniya ensiklopediyasında isə "Müsavat partiyasının yaranması tarixi və Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülünə aid" adlı məqaləsi yer alıb.

    Ankarada yaşadığı dövrdə Türk Tarix Qurumu və Türk Dil Qurumu kimi nüfuzlu elmi cəmiyyətlərlə ilə yaxından əməkdaşlıq edən Rəsulzadənin 1952-ci ildən nəşrə başlayan "Azərbaycan" jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında silsilə məqalələri misilsiz əhəmiyyətə malikdir.

   Məmməd Əminin mühacirət fəaliyyəti ilə bağlı obyektivlikdən uzaq və həqiqətəuyğun olmayan fikirlərə də rast gəlinir. Məsələn, 1931-ci ildə SSRİ-nin təkidi ilə Türkiyə hökuməti Rəsulzadə və digər müsavatçıların bu ölkədən deportasiya olunmasına razılıq vermişdir. Lakin bəzi tarixçilərin yazdığının əksinə olaraq Məmməd Əmin bu addımına görə Atatürk hökumətindən inciməmişdir.

    Bax: Məmməd Əmin və Atatürk

    Mühacirə illərində Rəsulzadənin Azərbaycan istiqlalı naminə Hitler Almaniyası ilə əməkdaşlıq etdiyinə dair iddialar da elmi təsdiqini tapmır. Nasistlərin “irqi alilik” nəzəriyyəsini tamamilə qəbuledilməz sayan Məmməd Əmin digər tərəfdən totalitar idarəçiliyə qarşı idi. Hələ 1933-cü ildəki məqalələrindən birində Hitleri Almaniyada nasist diktaturası qurmaqda günahlandıran Rəsulzadə faşizmlə kommunizmin mahiyyətcə eyni ideologiya olduğunu, hər ikisinin totalitarizmə xidmət etdiyini vurğulayırdı.

     Bax: Rəsulzadə Hitler rejimi ilə əməkdaşlıq edibmi?

     Məmməd Əminin mühacirət dövründə Azərbaycan xalqına 3 müraciət (26 avqust 1951-ci il, 1952-ci il və 28 may 1953-cü il) onun həmin dövrdə yaşadığı ideallar, qarşıya qoyduğu məqsədlər haqqında aydın təsəvvür yaradır. O, sonuncu – üçüncü müraciətində Azərbaycanın öz istiqlalına yenidən qovuşacağına əminliyini bildirirdi: "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır".

14. Övladları

     Rəsulzadənin dörd övladı olub.

     İlk övladı Lətifə xanım 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə Damadı Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Lətifə xanımın üçüncü övladı Sona xəstə olduğundan sanatoriyada saxlanılıb. Sonanın sonrakı taleyi ilə bağlı dəqiq məlumat yoxdur. Ehtimala görə, o, xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.  İşvə ilə anası isə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donaraq ölüblər. Firuzə təsadüfən sağ qalıb.

     Kiçik qızı Xalidə 1916-cı ildə anadan olub. Anasının ölümündən sonra həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət qohumu yazıçı Seyid Hüseynin evində qalıb, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedib və sonradan ondan da heç bir məlumat alınmyıb.

     İlk oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Şairlik istedadı olub. 1934-cü ildən başlayaraq davamlı təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı  bağlarında həbs olunaraq 19 yaşında güllələnib.

     Ən kiçik övladı Azər 1920-ci ildə, atası həbs edildikdən bir qədər sonra doğulub. Məmməd Əmin həbsdən çıxarılıb Moskvaya aparılmazdan öncə evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəlki adı Əliheydər olub) və Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda, Karaqandada dünyasını dəyişib. Novxanı məzarlığında dəfn edilib.

15. Qohumları

     Yeganə bacısı Şəhrəbanu xanım təqiblər və sıxıntılara məruz qalıb, 1934-cü ildə vəfat edib. Onun qızı Kübra xanım Məmməd Əminin oğlu Rəsula nişanlanıb. Lakin sonradan Rəsul güllələndiyi üçün onlar ailə həyatı qura bilməyiblər.

    Əmisi qızı Ümgülsüm tanınmış şairə olub. O, görkəmli yazıçı Seyid Hüseynlə evlənmişdi. Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verilmiş, sonradan isə güllələnmişdi. Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edilmişdi, uzaq Mordvaya göndərilmişdi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşamışdır.

     Əmisi oğlu Məmməd Əli Rəsuloğlu ən yaxın və sadiq silahdaşlarından biri olub. Məmməd Əli mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.

16. Rəsulzadənin ölümü və dəfni

    Mühacir həyatının çətinlik və məhrumiyyətləri Rəsulza­dənin səhhətinə təsirsiz ötüşməmişdir. Ömrünün son 30 ilində o, şəkərli diabetdən əziyyət çəkmiş, illər keçdikcə xəstəlik güclənmiş və növbəti kəskinləşmədən sonra – 1955-ci ilin yanvarında Ankara universitetinin klinikasına yerləşdirilmişdi. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, həmin il martın 6-da saat 22.45-də vəfat etmişdir.

    Düz bir sutka sonra, martın 7-də saat 22.45-də Ankara radiosu sabiq Azərbaycan Milli Şurasının sədri, böyük siyasi lider Məmməd Əmin Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaymışdır. 

    Martın 8-də Ankaradakı Hacı Bayram camesində Rəsulzadə ilə vida mərasimi təşkil olunmuş və onun tabutu başında fəxri qarovul düzülmüşdür. Ankara şəhər valisi Kamal Aygünün də iştirak etdiyi mərasimdə Azərbaycanın və Türkiyənin görkəmli şəxsiyyətləri vida nitqi söyləmişdilər. 

    Məmməd Əmin Rəsulzadə paytaxt Ankaradakı "Cəbəçi" Əsri məzarlığında dəfn olunmuşdur.