Paytaxtı: Roma şəhəri
Sahəsi: Təxminən 301,340 km²
Əhali sayı: Təxminən 59 milyon (2024)
Etnik tərkibi: Əsasən italyanlar, lakin az sayda alban, rumın, sloven, alman və digər azlıqlar da mövcuddur.
Rəsmi dili: İtalyan dili
Valyutası: Avro (€)
İtaliya Cənubi Avropada, Aralıq dənizi sahilində yerləşir. Şimalda İsveçrə və Avstriya, şimal-qərbdə Fransa, şimal-şərqdə isə Sloveniya ilə həmsərhəddir.
Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Sergio Mattarella, baş nazir isə Giorgia Melonidir. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.
Ölkə Avropanın və dünyanın ən böyük iqtisadiyyatlarından biridir. Əsas sahələr sənaye, xidmət və kənd təsərrüfatını əhatə edir. Sənayedə Avtomobil istehsalı (Ferrari, Lamborghini, Fiat), moda və tekstil (Gucci, Prada, Armani), kimya, maşınqayırma və qida sənayesi inkişaf edib. Zeytun yağı, üzüm, pendir və şərab istehsalında dünyanın lider ölkələrindən biridir. Əsas ixrac məhsulları avtomobillər, dəbdəbəli geyimlər, qida məhsulları, sənaye avadanlıqlarıdır. Yüksək dövlət borcu, işsizlik və demoqrafik problemlər iqtisadiyyata təsir göstərir.
Ölkə Aralıq dənizi iqliminə malikdir. Şimalda Alp dağları səbəbindən qışlar soyuq və qarlı, yaylar sərin keçir. Mərkəzi və cənub bölgələrində isə qışlar mülayim, yaylar isə isti və quraq olur. Təbiəti dağlar, sahillər, meşələr və vulkanlarla zəngindir. Vezuvi, Etna və Stromboli kimi aktiv vulkanlar burada yerləşir.
Kolizey, Piza qülləsi, Vatikan, Venesiya kanalları, Pompey xarabalıqları, Florensiya katedrali və Komo gölü əsas görməli yerlərdəndir.
Təhsil 6-16 yaş arası məcburidir. Dövlət məktəbləri pulsuzdur. Şagirdlər 14 yaşdan sonra ümumi və ya peşə yönümlü məktəblərə yönləndirilir. İtaliyada ali təhsil sistemi Avropanın Boloyna prosesinə uyğun qurulub və bakalavr, magistratura və doktorantura pillələrini əhatə edir.
Ölkənin əsas universitetləri: Bolonya Universiteti, Milan Politexnik Universiteti, Milan Universiteti, Florensiya Universiteti, Turin Politexnik Universiteti, Padova Universiteti.
Ölkə zəngin mədəni irsə malikdir. İncəsənət, memarlıq, musiqi, moda və mətbəxi ilə dünyada tanınır. Leonardo da Vinçi, Mikelancelo, Dante və Verdi kimi dahi sənətkarlar bu ölkədə doğulub. İtaliya həm də operanın və Avropa Rönesansının beşiyi sayılır. Roma və Florensiya kimi şəhərlər tarixi və mədəni irsləri ilə məşhurdur. Mətbəxi isə pizza, makaron, espresso və şərabları ilə dünyada böyük nüfuza malikdir.