1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan; açıq olan, geyimlə örtülməmiş. □ Çılpaq uşaq. Çılpaq bədən.
2. Zərf kimi: əynində heç bir şey olmadığı halda; lüt, paltarsız. □ Çılpaq yatmaq.
3. Yəhərsiz, palansız, çulsuz. □ Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. (B.Bayramov).
4. Məcazi mənada: bitkisiz. □ Çılpaq səhra.
5. Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız. □ Çılpaq kol.
6. Məcazi mənada: yoxsul, paltarsız, üst-başı tökülmüş. □ Zeynəb qaldı ac, çılpaq və sahibsiz. (C.Məmmədquluzadə).
7. Məcazi mənada: əlavəsiz, artırmasız, necə var elə. □ Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq verdi. (Ə.Vəliyev).
1. Paltarlarını soyunmaq, çılpaq olmaq, lüt olmaq, üryan olmaq. □ Lakin Mehriban Zakirin yanında çılpaqlanıb suya girə bilərdimi? (H.Seyidbəyli).
2. Yarpaqlarını tökmək, bitkisi məhv olmaq; dazlaşmaq. □ Ağaclar lütlənir, meşələr çılpaqlanırdı. (S.Rəhimov).