Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dağıtmaq [dağıtmax] feil

1. Sökmək, uçurmaq, xaraba qoymaq, alt-üst etmək. □ Köhnə binanı dağıtmaq. Zəlzələ evlərin çoxunu dağıtdı.
2. Yaralamaq; dişi ilə parçalamaq, parça-parça etmək. □ Öküzləri dağıtmaq istəyən canavar birdən qabaqdan kəhər ata cumdu. (Ə.Vəliyev).
3. Pərən-pərən salmaq, qovmaq; dağılışmağa, dağılıb getməyə məcbur etmək. □ Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı. (M.S.Ordubadi).
4. Qarət etmək, tarac etmək, soymaq, iflasa uğratmaq. □ ...Nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar. (M.F.Axundzadə).
5. Dağılmasına, bədbəxt olmasına səbəb olmaq. □ Hakim təbəqələr... nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. (M.İbrahimov).
6. Çox geymək, işlətmək, sürtmək; ümumiyyətlə, yırtmaq. □ Paltarı dağıtmaq.
7. Nizamsız halda tökmək, pərişan hala salmaq. □ Bir tərəf şanə dağıtdı zülfünü, bir yan səba; Hər tərəfdən hər biri könlüm pərişan etdilər. (S.Ə.Şirvani).
8. Yolmaq mənasında. □ Yar odur kim, yardan sonra yar üçün; Zülf dağıda, yaxa darta, yara üz. (Aşıq Qurbani).
9. Müxtəlif tərəflərə yaymaq, intişar etmək, saçmaq. □ O şad olur, o sevinir balasının hünərindən; Günəş qalxıb nur dağıdır ona vətən göylərindən. (S.Vurğun).
10. Dağılmasına səbəb olmaq. □ Suyu dağıtmaq.
11. Özündən uzaqlaşdırmaq, qovlamaq; qaçırmaq, pozmaq. □ ...Dərdi-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə! (A.Divanbəyoğlu).
12. Səpmək, tökmək. □ Adsız ölən igidlərin o pərişan məzarına; Çiçək səpir qucaq-qucaq, gül dağıdır ətək-ətək. (S.Vurğun).
13. Əbəs yerə xərcləmək, səmərəsiz sərf etmək, puç etmək. □ Tahirin əlinə İran sikkəsi düşəndə dağıtmayıb cibində saxlayırdı. (S.Rəhimov).

Həmçinin bax:

frazeologizm: ağzının qatığını dağıtmaq frazeologizm: ağzını ovmaq (əzmək, dağıtmaq) frazeologizm: dərdini dağıtmaq frazeologizm: fikrini dağıtmaq frazeologizm: özünü yeyib-tökmək (dağıtmaq) frazeologizm: pətənəyini dağıtmaq Azərbaycan dilinin izahlı lüğəti