azərb. sevar (q.q. gəl. z. ş. k. sevmak feili) sözündəndir. Sevər qadın adına ilk dəfə görkəmli dramaturq C.Cabbarlının “Oqtay Eloğlu” əsərində rast gəlinir. Ədibin digər əsərlərinin personajlarının adı kimi, Sevər adı da məişətimizə o dövrdən daxil olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sevgili sözündəndir. Məlum olduğu kimi, Sevgili sözü bir neçə məna ifadə edir.
Əminliklə demək olar ki, övladına Sevgili adını verən yaxınlar, valideynlər, əzizlər sözün çox sevilən, əzizlənən, istənilən, əziz, mehriban mənalarını əsas götürürlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sevil (sevilmak feilindən) sözündəndir.
XX əsrdə çox populyar qadın adlarından olan Sevil adı çəkilərkən görkəmli yazıçı, dramaturq C.Cabbarlının “Sevil” əsərinin baş qəhrəmanı, ailədə əri tərəfindən hörmətsizliyə, etinasızlığa məruz qalan, bu səbəbdən də hər cür alçaldılmalardan bezən, nəticədə çadrasını ataraq ər evini tərk edən Sevil yada düşür. Yeni həyata atılan qəhrəmanlarına yeni məzmunlu adlar düşünən ədibin bütün qəhrəmanları kimi, Sevilin adı da çox sevilmişdi. Azərbaycan antroponimikasına 1928-ci ildən daxil olan Sevil adı XX əsrdən bu günə qədər məişətimizdə geniş yayılmış qadın adlarındandır. Keçən yüzilliyin ortalarında adın geniş yayılmasında əsrin ikinci yarısında zəhmətsevər gənc qızın, faciəvi şəkildə həlak olmuş Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyevanın (19401963) adı da özünəməxsus rol oynamışdır. Böyük arzularla yaşayan qızın iş başında qəza nəticəsində həyatını itirməsi xalqımızı çox sarsıtmışdı. Əminliklə demək olar ki, çox gənc ikən dünyasını dəyişən əmək qəhrəmanı S.Qazıyevanın həyat hekayəsi, onun haqqında yazılan əsərlər, mahnılar da adın dəbdən düşməməsində əhəmiyyətli rol oynamışdı. Sevil bu gün də məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın sonuna -a sonluğu əlavə olunaraq Sevilə variantı da yaradılmış, sonradan bu ad da müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sevin (sevinmak feilindən) sözündəndir. Azərbaycan antroponimikasında müştərək adlar sırasında olan Sevin şəxs adı övladın dünyaya göz açmasından sevinc duymaq, xoşhal olmaqla əlaqədardır.
Türk xalqlarının əksəriyyətində mövcud Sevin Azərbaycanda müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sevinc sözü fərəh, şadlıq, sevinməklə əlaqədardır. Türk antroponimik vahidlər sistemində mövcud Sevinc qadın adı məişətimizə keçən yüzilliyin 40-cı illərindən daxil olmuşdur.
Dilimizin şəxs adları sistemində sevinməklə əlaqədar, həmçinin alqış məzmunlu adlar sırasındadır. Ailələrdə övladın dünyaya gəlişindən şadlanan əzizləri, yaxınları bu münasibətlə ona Sevinc adı qoymuşlar. Həm də qızları gəlişiylə ailəyə sevinc gətirdiyi kimi, ömrü boyu da sevinc içərisində yaşamasını arzu etmişlər. Beləliklə, Sevinc qadın adı məişətimizə daxil olmuşdur. Bu gün Sevinc qadın adı türk dillərinin əksəriyyətində mövcud şəxs adları sırasındadır. Azərbaycanda XX əsrin 40-cı illərinə qədər Sevinc adına, demək olar ki, rast gəlinmir. Görkəmli ictimai xadim, filoloq, yazıçı Ş.Qurbanovun “Sənsiz” əsərinin uğurlu səhnə həyatından sonra əsas qəhrəmanlardan biri Sevinc də, adı da xalq tərəfindən sevilmişdi. XX əsrin ortalarından məişətimizə daxil olan Sevinc bu günə qədər məişətimizdə geniş yayılmış qadın adlarındandır. Ölkə daxilində şəxs adlarının statistik göstəricilərinə əsasən, 1968-ci ildə dünyaya göz açan qız övladlara ən çox qoyulan ad Sevinc olmuşdur. Son beş ilin statistikasına nəzər saldıqda isə görürük ki, bunu demək olmur. Başqa sözlə, bu gün Sevinc dünyaya göz açmış qız övladlara verilən populyar adlar sırasında deyildir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. seyid (əslində sayyid) sözündəndir. Seyidə/Seyyidə qadın adı başçı, ağa, cənab, itaət edilən mənasını ifadə edir.
Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin adlarına, eləcə də ləqəblərinə üstünlük verilmişdir. Türk antroponimik vahidlər sistemində mövcud Seyyidə/Seyidə qadın adı Məhəmməd Peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızı Fatimə əz-Zəhranın (bax: ad – ZƏHRA) ləqəbindəndir. Məlum olduğu kimi, Fatimə əz-Zəhra (bax: ad – FATİMƏ) İslam tarixinə dörd mükəmməl qadından biri kimi düşmüşdır (Məryəm, Xədicə, fironun xanımı Asya da onlarla bir sıradadır). Seyidə/Seyyidə qadın adı Şərq xalqlarının məişətində də geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb-fars. seyran sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Seyran adı əylənmək və ya istirahət məqsədi ilə gəzinti yeri, gəzmə, gəzinmə anlamlarını ifadə edir.
Adın sonuna -a şəkilçisi artırmaqla Seyranə variantı da yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti