azərb. qara sözü bütün rənglərin ən tutqunu, his, kömür rəngidir, həmçinin dilimizdə kirlilik, çirklilik ifadə etmək üçün işlədilən sözlərdəndir.
Müasir Azərbaycan dilində qara sözü ilə əlaqədar qara işlər, qara gün, qara yaxmaq, qara geymək və s. kimi kifayət qədər ümumişlək ifadələr mövcuddur. Burada qara qoşulduğu sözlərə mənfilik, mənhusluq, mürtəcelik, məşumluq və s. verir. Məlum olduğu kimi, bir sıra lüğətlərdə Qara kişi adının izahı verilərkən rəngbildirmə xüsusiyyəti əsas götürülür. Adətən elmi ədəbiyyatda Qara şəxs adı barədə bəhs edilərkən qeyd olunur ki, şəxs adı sifətin substantivləşməsi yolu ilə əmələ gəlmişdir. Adyaranmada sifət substantivləşərkən onun leksik mənası dəyişmir, xüsusi adbildirmə keyfiyyəti ön plana çəkilir. Əlbəttə, qara sözündə rəngbildirmə xüsusiyyəti vardır. Bu, əsasən, özünü Qaratel, Qaragöz, Qaragilə və s. kimi qadın adlarında büruzə verir. Lakin kişi adlarının yaranmasında qara sözünün böyüklük, qüdrətlilik, güclülük kimi məna çalarları əsas olmuşdur. Bu da təsadüfi deyildir. Qədim türklərdə qara güc, qüdrət rəmzi olmuşdur. Dünyaya gələn oğlan uşağını güclü, qüvvətli, yenilməz, məğrur görmək türk psixologiyası, türk mənəviyyatı üçün həmişə xarakterik olmuşdur. Qara kişi adının rəng anlamlı qara vahidi ilə bağlı olmadığı bir çox dilçilərimiz tərəfindən də əsaslandırılmışdır. Beləliklə, Qara kişi adı güc, qüvvət anlamları ilə əlaqədardır. “Kitabi-Dədə Qorqud” dastanlarında Qara xan, Qaraca çoban, Qarabudaq adlarındakı qara sözü də bu mənadadır. Mənbələrdə adın Orta Asiyada X–XIII əsrlərdə ilk xanı Əbdülkərim Saltuk Qaraxan olan Qaraxanilər dövlətini idarə edən türk sülaləsinin adından (əslində adın tərkibində böyük, güclü, qüdrətli mənalarında olan qara sözündən) olması, həmçinin titul olaraq işlənməsi barədə məlumatlar da vardır. Müxtəlif hakimlərin adının qarşısında təxəllüsü kimi işlədilmiş Qara da güclü, qüdrətli, qüvvətli mənalarındadır. Tarixdə Qara Arslan, Qara Yusif və b. adlar da bu anlamdadır. Səlcuq hökmdarı Qara Arslana verilən Qara ləqəbi böyük, qüdrətli mənasındadır. Buradan bir daha aydın olur ki, qara leksemli kişi adlarımız rəng, yaxud zahiri əlamət əsasında yaranmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında Qara müstəqil ad olmaqla yanaşı, həm də bir sıra mürəkkəb şəxs adlarının tərkibində (həm qadın, həm kişi) mövcuddur. Qara XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Lakin qeyd etmək lazımdır ki, bu gün artıq adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. Qaraca (qara sözü və ca ədatı) əsmər, qarayanız mənasındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qaracayev, Qaraca, Qaracalı soyadları Azərbaycanda kifayət qədərdir. Bu da məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. mürəkkəb adların tərkibində işlənən qara və göz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qaragöz gözləri qara olan mənasını ifadə edir. Qaragöz şəxs adı qara gözləri olan anlamındadır. Vaxtilə Qaragöz məişətimizdə müştərək şəxs adlarından olmuşdur. Bunu Azərbaycanda kifayət qədər rast gəlinən Qaragözov, Qaragözlü soyadları da sübut edir. Bu gün məişətimizdə Qaragöz yalnız qadın adıdır. Qaragöz kişi adı isə köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. mürəkkəb adların tərkibində işlənən Qara adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Qaraxan (bax: ad – QARA; XAN) kişi adı xanlar xanı, böyük hökmdar mənasındadır. Tarixdə Qaraxanilər dövlətini idarə edən sülalənin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qaraman sözü dərisinin rəngi qarabuğdayı, qaraşın, qara olan adam (kişi) mənasındadır.
Tarixdən məlum olduğu kimi, Qaramanlar Kiçik Asiyada Qaraman bəyliyini (1256-1483) yaratmışlar. Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşun başçısının adı Qaraman olmuşdur. Qaraman kişi adı həmin sərkərdənin adındandır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Qaraman bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan ərazisində Qaraman toponimi də məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiQara... ilə başlayan kişi adlarının əzizləmə və oxşama məzmununda kiçildilmiş formasıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında -ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Babaş, Nənəş və s. Qaraş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır. Qeyd etmək lazımdır ki, Qaraş adının məişətimizdə geniş yayılmasında XX əsrin ortalarında çox məşhur əsərlərdən olan Mirzə İbrahimovun “Böyük dayaq” romanının, sonradan romanın motivləri əsasında ekranlaşdırılmış eyni adlı bədii filmin də özünəməxsus rolu olmuşdur. Dövrün ən aktual problemlərini özündə əks etdirən əsərdə Qaraş əsas surətlərdən birinin adı idi. Bu gün Qaraş adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir. Azərbaycanda addan formalaşmış Qaraşov soyadına kifayət qədər rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qardaç (əslində qarındaç, yəni bir ananın qarnında – bətnində yatmış) sözü əslində bir ata-anadan və ya yalnız bir atadan, yaxud bir anadan olan oğulların bir-birinə, yaxud bacısına münasibətidir.
Dilimizdə süd və qan qardaşları ifadəsi də məlumdur. Müasir Azərbaycan dilində qardaş sözü həm də fikir, ictimai vəziyyət və s. cəhətdən yaxın olan şəxslərə, yaxın dostlara, dost ölkələrə deyilir. Azərbaycanda tanış olan və ya yad, tanış olmayan kişiyə, oğlana müraciət forması kimi də işlədilir. Türkiyədə bu gün bacıya da qız qardaş (kızkardeş) deyirlər. Çox vaxt ailədə tək oğul olmuş atalar övladlara Qardaş adı qoymuşdur. Azərbaycan antroponimikasında tərkibində Qardaş adı iştirak edən mürəkkəb şəxs adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qartal dağlıq, yaxud çöllük ərazilərdə yaşayan əyri dimdikli, yırtıcı və iri caynaqlı qara quşun adıdır.
Vüqarlı, cəsur, görkəmi göz oxşayan adam kimi məcazi mənaları da məlumdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində quş adlarından formalaşmış kifayət qədər antroponim mövcuddur. Qartal da bu qəbildən olan kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti