Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BEYTULLA ərəb.

beytullah sözündəndir. İslam dini ilə əlaqədar antroponimlərdəndir. Əslində Beytullah (bax: ÜLLAH) şəklində olan kişi adı Kəbənin məscidlərinin birinin adından olub, Allahın evi (Kəbə və Məkkə), Tanrının evi, məscid mənasındadır.

Şərq poeziyasında məcazi mənada işlənir, gözəlin üzü anlamındadır. İslam tarixindən məlum olduğu kimi, İslam dini qəbul edildikdən sonra Məhəmməd Peyğəmbərin əmri ilə bütxanalar boşaldılmış, bütlər yandırılmışdır. Bina isə yeni dinin ən müqəddəs yeri elan edilmişdir. Həmin bina Kəbeyibeytüllah (Allahın evi) elan edilmişdir. Beytullah adı da həmin müqəddəs binanın adı ilə əlaqədardır. Bildiyimiz kimi, sovet rejimində İslam dini ilə bağlı bir sıra adlar kimi, bilərəkdən rəsmi sənədlərdə təhrif edilərək Bədulla, Beydulla, Bətulla kimi də yazılmışdır. Sonradan təhrif olunmuş adlar da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Beytullah adı uzun müddət yalnız Beydulla formasında mövcud olmuşdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Beydulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

 

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏDƏL ərəb.

badal sözü əslində dilimizdə əvəz anlamını ifadə etsə də, bir neçə yaxın mənalarda da işlənir: 1. Əvəz, nəyin isə əvəzi, qarşılığı, dəyişmə; 2. Dəyər, qiymət; 3. Tay bərabər, misal. Bədəl şəxs adı sözün ikinci, dəyər, qiymət mənası ilə əlaqədardır.

Məişətimizdə Bədəl adı ilə yanaşı Əvəz (bax: ad – ƏVƏZ), eləcə də onun təhrif edilmiş Eyvaz (bax: ad – EYVAZ) variantı da mövcuddur. Ərəblərdə olduğu kimi, digər Şərq ölkələrində də Bədəl adını ancaq oğlana verirlər. Bu isə onu göstərir ki, dünyaya gələn oğlan övlad daha dəyərli sayılır, ata özünə əvəz hesab edir, başqa sözlə, nəslin davamçısı hesab edilir. Qədim zamanda ərəb ailəsində ata ərsəyə çatmış oğlunu dostaşnaya göstərərək iftixarla deyərdi: “Bədəlim hazırdır, qulluğunuzdadır”. Ərəblərdə hətta belə bir inanc da olmuşdur ki, əgər ailədə kiçik yaşlı oğlan uşağı öləndən sonra dünyaya yenisi gələrsə, əvvəlki oğulun adının nə olmasından asılı olmayaraq, onu əvvəlki övladın əvəzinə dünyaya gəlmiş kimi qəbul edərək adı Bədəl qoyulmalı idi. Başqa bir inancdan irəli gələn adətləri də maraq doğurur: ailədə xəstə uşaq olanda, xüsusilə də uşağın halı pisləşəndə, Əzrayılı çaşdırmaq məqsədilə guya xəstə uşağın əvəzi olaraq taxtadan və ya gildən müqəvva düzəldib yerə basdırardılar, həmin müqəvvaya “bədəl” deyərdilər. Düşünürdülər ki, Əzrayılı bu yolla azdıracaqlar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏDRƏDDİN ərəb.

badradDin sözü İslam dinində ən nurlu, parlaq Ayın adındandır.

Bədrəddin (bax: ad – BƏDİR; ƏDDİN) kişi adı dinin parlaq Ayı, nur saçan bütöv Ayı, dinin bədirlənmiş Ayı, dinin işıq saçan Ayı, həmçinin dinə inanan, dinə inam bəsləyən mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏHAƏDDİN ərəb.

bahaadDin sözündəndir. Bəhaəddin (bax: ad – BƏHA; ƏDDİN) kişi adı dinin dəyəri, dinin qiyməti, həmçinin dinin işığı, parıltısı mənalarını ifadə edir.

Adın təhrif olunmuş formaları Bahəddin, Bahaddin, Bəhiddin, Bəhəddin də sonradan müstəqil adlar kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti