Reklam
Reklam

Məsəllər, deyimlər

DÜNYANIN SƏKKİZİNCİ MÖCÜZƏSİ

►İnsan zәkası vә insan әlinin yaratdığı hәr hansı fövqəladə dərəcədə gözəl olan bir şeyi qiymәtlәndirmәk üçün işlәdilən ifadə.

İfadәnin yaranması qәdim dünyanın 7 möcüzәsi ilə əlaqәdardır.

7 möcüzә sırasına bunlar daxildir: Misir ehramları, Babilistanda asma bağlar, Efes şәhәrindәki Artemida mәbәdi, Zevsin Olimpdәki heykәli, Halikarnas şәhәrindә Mavsolun mәqbәrәsi (mavzoleyi), Rodos limanında günәş ilahı Heliosun misdәn tökülmüş nәhәng heykәli və mәşhur İsgәndәriyyә mayakı.

Bəs nә üçün məhz 7 möcüzә? Təbii ki, bu, 7 rəqəminin müqəddəsliyi ilə bağlıdır. Çünki 7 çox-çox qәdimlәrdәn bir sıra xalqlar üçün müqәddәs rәqәm һesab edilirdi. Qәmәri tәqviminә görə 28 günә bәrabәr olan təqvim ayı Ayın dörd fazadan keçmәsi ilә bağlıdır. Bu fazalar isә 7 gündən bir dәyişir. Odur ki 7 gün bir hәftә hesablanır.

Qәdim yunanlar da 7 rәqәminә çox böyük әhəmiyyәt verirdilәr. 7 rәqәmi incәsәnәtin hamisi Apollonun müqәddәs rәqәmi sayılırdı. Qәdim yunan әnәnәlәrinә görә, 7 rәqәmi rәmzi mәna daşıyır: uşaq 7 yaşına çatanda dişlәrini dəyişir, ikinci yeddilikdә һәddi-büluğa çatır; üçüncü yeddilik yetkinlik, kamillik dövrüdür; dördüncü yeddilik çiçәklәnmә, beşincisi evlәnmә, altıncısı ağıllanma dövrüdür. Yeddinci vә sәkkizinci yeddiliklәrdә ağıl vә nitq tam inkişaf edir. Doqquzuncu yeddilikdә igidlik öz yerini müdrikliyә verir, sonuncu yeddilik «ölümü gözlәmә» dövrüdür.

Roma, İstanbul vә Moskva şәhәrlәrinin hәr biri yeddi tәpә üzәrindә salınmışdır.

Məsəllər, deyimlər

DÜŞMƏNİMİN DÜŞMƏNİ MƏNİM DOSTUMDUR

Ümumi rəqibə qarşı eyni mövqedən və ortaq maraqlardan çıxış edən fərdlərin və ya qrupların birgə davranışını səciyyələndirmək üçün işlədilən ifadə.

İfadənin təxminən XVI–XVII əsrlərdə Avropa dövlətlərinin Şərq ölkələrinə qarşı apardığı işğalçılıq müharibələri zamanı meydana gəldiyi ehtimal olunur.

Bu ifadəyə yaxın deyim hələ «Manu qanunları» adlanan qədim hind traktatında mövcud olmuşdur. Həmin «Qanun»un VII fəslinin 158-ci maddəsində belə deyilir: «Düşmənin ona düşmən olan yaxın qonşusunu və həmin qonşunun dostlarını öz dostun hesab edə bilərsən». Yəni sənin düşməninin düşməni nəticə etibarilə sənin dostundur. Qeyd edək ki, bu siyasət, ümumiyyətlə, özünü doğrultmuşdur. Yəni bir düşmən dövlətə qarşı vuruşan hər hansı dövlət həmin ölkəyə düşmən münasibət bəsləyən hökmdarlarla ittifaqa girir və beləliklə, rəqibini zəiflətməyə çalışırdı. Orta əsrlərin məşhur hökmdarı Şirvanşah I İbrahimin (...–1417) xarici siyasətdə «düşmənimin düşməni mənim dostumdur» prinsipi ilə davrandığı tarixçilərə məlumdur.

Müasir dövrdə də bu deyim öz aktuallığını saxlayır. Yəni bir sıra ölkələr hər hansı güclü dövlətdən gələn təhlükəni zərərsizləşdirmək üçün həmin dövlətə qarşı olan ölkələrlə ittifaq qurmağa, yaxud eyni mövqedə olan ölkələrlə bir koalisiyada təmsil olunmağa çalışır.

Məsəllər, deyimlər

DÜZÜ DÜZ, ƏYRİNİ ƏYRİ

►Hər şeyi olduğu kimi doğru-dürüst demәyə, yazmağa və dəqiq göstərməyə, vicdanlı olmağa çağırış məqsədilə işlədilən ifadə.

İfadә böyük satirik şair Mirzə Ələkbər Sabirin «Nә yazım?» şeirindәn qaynaqlanaraq yayılmışdır.

Göstərilən şeirdə M.Ə.Sabir bir şair və söz adamı kimi öz məramını aşağıdakı kimi bəyan edir:

Şairәm, çünki vәzifәm budur әşar yazım,

Gördüyüm nikü bədi eylәyim izһar, yazım,

Günü parlaq, gündüzü ağ, gecәni tar yazım,

Pisi pis, әyrini әyri, düzü һәmvar yazım,

Niyә bәs boylә bərәldirsәn, a qare, gözünü.

Yoxsa bu ayinәdә әyri görürsәn özünü...

Göründüyü kimi, qüdrətli şairin adıçəkilən şeirində ifadə, əslində, «pisi pis, әyrini әyri, düzü һәmvar yazım» şəklində işlənmişdir. Lakin tədricən ifadə indiki şəklini almış və xalq arasında da elə bu cür yayılmışdır.

Sabirin başqa bir şeirindә «şairә lütf olursa, ya azar, pisı pis, yaxşını da yaxşı yazar» misraları işlənir. Bütün hallarda bu ifadə düzgünlüyə, həqiqətə sadiq qalmağa, vicdanlı olmağa çağırışdır.

Bizim günlərdə bu ifadə təkcə mətbuat işçiləri üçün deyil, sosial şəbəkələrdə də hər cür xəbər, şərh, status, məlumat yazmaq və yaymaq imkanı qazanmış hər kəs üçün aktualdır. Yəni bu ifadə təlqin edir ki, insan bir şey yazarkən vicdanlı və dürüst olmağa borcludur.

Məsəllər, deyimlər