1. İnsan yaddaşı və şüurunda dərin izburaxma; proseslərin gələcək inkişafına nüfuzetmə.
2. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara, nümayiş etdirdiyi süjetlərə auditoriyanın davamlı reaksiyası.
U.T. mexanizminin öyrənilməsi sahəsində tədqiqatlara 1920–30-cu illərdə önə çıxmış sosial problemlər rəvac verib. Medianın cəmiyyətdə artan zorakılığın və aqressivliyin mümkün mənbəyi kimi araşdırılmasına başlanıb. İlk mərhələdə məcazi olaraq «dəri altına yeridilmiş iynə» adlandırılan nəzəriyyə üstünlük təşkil edib. Bu nəzəriyyəyə görə, medianın U.T. altında insanların düşüncə tərzi və davranışında ciddi dəyişikliklər baş verir; məsələn, zorakılıq səhnələrinin ardıcıl nümayişi cəmiyyətdə aqressivliyin mənbəyi kimi qiymətləndirilir. Tədqiqatların ikinci mərhələsində (1940–1970-ci illər) «məhdud təsir nəzəriyyəsi» üstünlük təşkil edib. Kütləvi kommunikasiya insanların davranışında baş verən dəyişikliklərin çoxsaylı səbəblərindən yalnız biri kimi səciyyələndirilib. Tədqiqatların 1970-ci illərdən genişlənmiş üçüncü mərhələsində bu sahədə hər hansı dominant nəzəriyyə yoxdur. Alimlərin bir qismi (Huesmann, Lagerspetz, Eron və b.) medianın U.T.-ini uşaqların gələcəkdə zorakılığa meyil göstərməsinin əsas səbəbi hesab edir, digər qismi (Sumberbatç, Hovitt, Fridman) bu barədə son dərəcə ehtiyatla fikir yürüdür və s.
Jurnalistika terminləri lüğəti