1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. □ Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq.
2. Aralanıb getmək. □ Ceyran məndən uzaqlaşıb getdi. (S.Hüseyn).
3. Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. □ Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq.
4. Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. □ Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı.
5. Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək. □ Belə qorxulu vaxtda postdan uzaqlaşmaq olarmı? (H.Nəzərli).
6. Getdikcə uzaqdan eşidilmək və ya görünmək. □ Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı.
7. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək. □ Daşlarda, qayalarda izi qaldı; Uzaqlaşan hər əsrin. (O.Sarıvəlli).
8. Məcazi mənada: məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq. □ ...Qəhrəman kitabdan, yazı-pozudan uzaqlaşır, özünü çöl işinə verirdi. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti