Azərbaycan Respublikasının şimal-şərqində (əsasən, Qəbələ rayonunun Nic kəndi və Oğuz şəhərində), habelə Gürcüstan Respublikasının şərqində (Kvareli rayonunun Zinobiani kəndi) məskunlaşmış xalq.
2009-cu il əhalinin siyahıya alınmasının nəticələrinə görə, Azərbaycanda 3,8 min U. olub. Eyni zamanda bütün dünyada U.-lərin sayı 10 minə çatıb. U.-in Qafqaz Albaniyası tayfalarından birinin – utilərin nəslindən olduğu güman edilir. Onlar indi də özlərini “uti”, “udi” adlandırırlar. U. pravoslavdırlar, dilləri isə Şimali Qafqaz dil ailəsinin nax-Dağıstan qrupuna aid edilir. Udin dilində ilk əlifba XX əsrin 20-ci illərində latın qrafikası əsasında yaradılıb. Əkinçilik, üzümçülük, ipəkçilik, qismən maldarlıq U.-lərin əsas məşğuliyyəti sayılır. Sənətkarlıq növlərindən onların arasında dulusçuluq və dəmirçilik daha yaxşı inkişaf edib.
Tarix terminləri lüğəti