Mal.
Tavar (davar) türk dilindən rus dilinə keçmiş sözlərdəndir. Dilimizdə başqa mənaları da var:
1) çalışqan, bacarıqlı.
2) böyük (adətən, saz haqqında deyilir).
Bəylər ələ alar alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı,
Oğul atadan sonra artırsa işi,
El içində ona tavar deyərlər.
(“Lətif şah”)
*
Qənbər onu apardı sazbəndin yanına. Sazbənd ona bir cürə saz vermək istədi. Abbas dedi:
– Xeyr, usta, o göydən asılan tavar sazı mənə ver! Bu cürəni neyləyirəm? (“Abbas və Gülgəz”)
*
Dəmirçioğluyam, yalan gəlməz dilimə,
Müxənnət yapışar çətin əlimə,
Misri qılınc bağlamışam belimə,
Tərlanların tavarına gəlmişəm.
(“Koroğlunun Ərzurum səfəri”)
*
İki tülək, biri tavar,
Biri qaçar, biri qavar,
Babur, aslan, sərp canavar
Almış ovuna gümrənər.
(M. Elyas. “Nəğmələr kitabı”)
Azərbaycan dastanlarının leksikası