monq. – bəxşiş, hədiyyə, güzəşt
Orta əsrlərdə hərbi xidmət müqabilində feodal əyanlara bağışlanan torpaq sahəsi, mülk.
S.-ı irsən ötürmək mümkün olub, lakin buna yalnız varis də orduda xidmət edən zaman icazə verilib. Belə mülkiyyət forması XIII–XV əsrlərdə Qızıl Ordada, XIV–XIX əsrlərdə Orta Asiya, Azərbaycan, İran və İraqda, XVI–XIX əsrlərdə isə Hindistanın şimal-qərbində geniş yayılıb. S. sahibi iqta sahibi kimi vergilərdən azad olub və bütün mükəlləfiyyətləri öz xeyrinə toplayıb. Lakin iqta sahibindən fərqli olaraq S. sahibinə təkcə vergi deyil, həm də inzibati-məhkəmə immuniteti verilib. Bəzən yüzlərlə kənd, hətta bütöv vilayətlər S. kimi feodallara bağışlanıb. Sonuncu halda S. sahibinin artıq öz vassallarına torpaq paylamaq imkanı olub. XV əsrdən başlayaraq ali rütbəli ruhanilərə, inzibati vəzifələrdə çalışanlara da S. paylanması praktikası geniş yayılıb.
Tarix terminləri lüğəti