Reklam
Reklam

Tarix terminləri lüğəti

samilər

Sami dillərində danışan xalqlara aid edilən, XVIII əsrin 80-ci illərində alman alimləri A.Şletser və İ.Eyxqorn tərəfindən elmə gətirilmiş termin.

Dil qohumluğundan əlavə, sami xalqlarının mədəniyyət və məişət sahəsində də bir çox oxşarlıqları var. Faktlarla təsdiqlənən mülahizəyə görə, S.-in əcdadları Afrikada Saxara səhrasının şimalında yaşayıblar. İqlimin dəyişməsi ilə əlaqədar onlar e.ə. V minillikdən başlayaraq şərqə doğru hərəkət ediblər və Ərəbistan yarımadasında, Aralıq dənizinin şərq sahillərində, habelə Dəclə və Fərat çayları hövzəsində məskunlaşıblar. E.ə. IV minilliyin sonu – III minilliyin başlanğıcında S. dil baxımından Şərq və Qərb qruplarına bölünüblər. Şərq qrupunun sonrakı taleyi Akkad, Babilistan və Assuriya dövlətlərinin tarixi ilə bağlı olub. Qərbi S., öz növbəsində, bir neçə hissəyə ayrılıblar. Amorilər, kənanilər, yəhudilər və aramilər Qərbi S.-in Fələstin, Suriya və Şimali Mesopotamiyada məskunlaşmış qrupunu (e.ə. III–II minilliklər) təşkil ediblər. Qərbi S.-in digər hissələri isə (lihyani, səmud və s. tayfalar) e.ə. I minilliyin başlanğıcında “ərəblər” adı altında birləşiblər. Hazırda ərəblər, maltalılar, israillilər, Efiopiyanın amhara, tiqre və b. xalqları S.-ə aid edilir.

Tarix terminləri lüğəti