lat. principium – əsas, özül, başlanğıc
1. Hər hansı nəzəriyyənin başlıca ideyasını, fundamental əsasını ifadə edən müddəa.
2. Hər hansı fəaliyyət sahəsində tətbiq olunan hüquqi, yaxud mənəvi norma.
Məntiqi cəhətdən P. müəyyən sistemin bu sistem daxilində baş verən bütün proseslərə şamil edilən qaydasıdır. Jurnalistikanın fəaliyyət P.-ləri, əsasən, peşə əxlaqı kodekslərində (peşə davranışı qaydalarında) öz əksini tapır, onlardan bəziləri isə, məsələn, teleradio fəaliyyətinin P.-ləri, ictimai yayım xidmətinin P.-ləri qanunvericiliklə təsbit olunur. Obyektivlik, plüralizm, tərəfsizlik, qərəzsizlik, şəxsi həyata müdaxilənin yolverilməzliyi və s. jurnalistikanın başlıca P.-ləridir.
3. İnsanın inancı, onun özü üçün müəyyənləşdirdiyi mənəvi norma.
Bu daxili normalar – P.-lər insanın hadisələrə münasibətini, həyat tərzini, nəyin düz, nəyin səhv oluğu haqda təsəvvürlərini formalaşdırır.
4. Hər hansı cihazın əsas xüsusiyyəti, iş qaydası; məs.: kameranın iş P.-i, kompüterin iş P.-i.
Jurnalistika terminləri lüğəti