lat. magia, yun. magèia – cadugərlik, möcüzə
Fövqəltəbii qüvvələr vasitəsilə insanlara, heyvanlara, təbiət hadisələrinə, eləcə də ruhlara və ilahlara təsir etməyin mümkünlüyü inancına əsaslanan dini-mistik baxışlar və ritualların məcmusu.
Sehrbazlıq, cadugərlik, ovsunçuluq, münəccimlik, falçılıq və s. M.-nın tərkib hissəsi sayılır. Bəzi ehtimallara görə, bu termin Midiya tayfası olan maqların adından yaranıb. Lakin həmin ehtimalı konkret faktlarla təsdiq etmək mümkün deyil. Orta əsrlərdə ilahi qüvvələrin (mələklərin, müqəddəslərin) köməyi ilə möcüzələr yaradan ağ M. və natəmiz qüvvələrin (şeytanın, qəzəbli ruhların) köməyinə müraciət edən qara M. fərqləndirilib. Hərbi yürüşlərin, əkinin, məhsul yığımının başlanması zamanı, yağışın yağması üçün, ovda, müharibədə və s. sahələrdə uğur qazanmaq niyyəti ilə keçirilən magik mərasimlər geniş yayılıb. M. bütün dinlərin, o cümlədən xristianlıq, islam və buddizmin bir çox mərasimlərində özünü büruzə verir. Təbiət elmləri M.-nı qəbul etmir.
Tarix terminləri lüğəti