Trubadur poeziyasının leytmotivini təşkil edən məhəbbət konsepsiyası.
K.M. konsepsiyasının əsasında trubadurun Gözəl Xanıma sitayişi, saf, ideal məhəbbəti durur. Trubadur poeziyasında K.M.-in obyekti olan Gözəl Xanım kifayət qədər konkret obrazdır. O, trubadura nisbətən daha yüksək sosial təbəqəyə mənsubdur və onun əri var. Bu iki cəhət trubadur şairi mənəvi iztirablara düçar edir. Lakin onun məhəbbəti ülvidir; lirik qəhrəman bu məhəbbətində sanki mənəvi cəhətdən yüksəlir. Adətən, bu motiv qəhrəmanın qadına ürəyini açması ilə bağlı tərəddüdlərlə başlayır və Gözəl Xanımın trubadura ərməğan etdiyi ilk və son öpüşü ilə bitir. Bəzi Qərb ədəbiyyatşünaslarının fikrincə, ideal məhəbbət kultu trubadur poeziyasına ərəb lirikasından gəlib və K.M.-lə sufilikdəki məhəbbət konsepsiyası arasında bir bağlılıq var. XI əsr ərəb-ispan şairi İbn Həzm ideal məhəbbət fəlsəfəsinə ayrıca bir traktat da həsr edib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti