lat. convergo – yaxınlaşma, birləşmə
1. Meteorologiyada: müxtəlif sürətlərlə hərəkət edən hava axınlarının qarşılaşması, qovuşması.
Əgər qarşılaşan axınların kütləsi, temperaturu eynidirsə, onlar qovuşma xəttindən yuxarıya doğru istiqamətlənir. Lakin təbiətdə belə ideal şəraitə nadir hallarda rast gəlinir, odur ki daha böyük kütlə nisbətən kiçik kütləni “əzir”, isti axın soyuq axının üzərinə qalxır.
2. Okeanologiyada: müxtəlif sıxlığa, temperatura, duzluluğa malik su axınlarının və ya səth cərəyanlarının qarşılaşması.
K. nəticəsində nisbətən sıx, soyuq, yaxud duzlu su kütləsi dərinliyə doğru istiqamətlənir.
3. Qlyasiologiyada: buzlaqların üfüqi və ya şaquli istiqamətdə birləşməsi.
4. Ekologiyada: fərqli ərazilərdə, lakin oxşar təbii şəraitlərdə, ekoloji mühitdə yaşayan müxtəlif canlılar qruplarının eyni xüsusiyyətlər qazanması.
Ekoloji anlamda K. və adaptasiya prosesləri sıx bağlıdır.
5. Geologiyada: müxtəlif mənşəli materiallardan fərqli üsullarla eyni tipli çöküntülərin yaranması, habelə müxtəlif proseslər nəticəsində quruluş və tərkibinə görə oxşar süxurların formalaşması.
K. anlayışının bir sıra digər elmlərdə (biologiya, linqvistika, politologiya, paleoontologiya, fizika və s.-də) öz izahları var.
Coğrafiya terminləri lüğəti