ing. compare > lat. comparativus – müqayisə
Ədəbiyyatşünaslıqda müqayisəli-tarixi araşdırma metodu.
Elmi ədəbiyyatda bu termin müxtəlif cür izah edilir. Geniş mənada o, müqayisəli ədəbiyyatşünaslıqla eyniləşdirilir. Bu mənada K. müxtəlif xalqların ədəbiyyatı arasındakı qarşılıqlı əlaqə və təsirlərin, fərq və oxşarlıqların araşdırılmasında tətbiq edilən bir yanaşma – ədəbiyyatşünaslığın sahəsi kimi təqdim olunur. Dar mənada K. bir çox ədəbiyyatşünasların tənqid etdiyi empirik metoddur. Bu metod müqayisəli ədəbiyyatşünaslığın ilkin mərhələlərində tətbiq olunurdu. Komparativistlər sübut etməyə çalışırdılar ki, ədəbi inkişafın müxtəlif dövrlərində süjetlər, xarakterlər və s. müəyyən qədər dəyişilmiş şəkildə təkrar olunur; yəni bizim dövrümüzdə yaranan hər bir əsərin süjet və obrazlarının qədim zamanlarda yaranmış analoqları ilə genetik bağlılığı var. Onlar öz araşdırmalarında konkret milli-tarixi konteksti və yazıçının fərdi üslubu faktını inkar edirdilər. Mifoloji məktəb qohum milli ədəbiyyatlar arasındakı oxşarlığı xalqların etnogenezi ilə bağlayırdısa, komparativistlər istənilən ədəbi faktın köklərini bütün millətlər üçün vahid olan mifologiyada (çox vaxt hind mifologiyasında) axtarırdılar. Odur ki onların əsərləri müxtəlif millətlərin ədəbiyyatına aid faktlarla zəngindir. Empirik-komparativist təhlil metodunun banisi alman alimi H.Herder sayılır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti