ing. fake – saxta
Gerçək olmayan, lakin həqiqətə oxşayan saxta məlumat, imitasiya.
Fotoşopda və ya digər üsullarla saxtalaşdırılmış fotoşəkillər (fotofeyk), videoredaktorlarda montaj olunmuş yalançı videoçarxlar (videofeyk), uydurma xəbərlər, başqalarının adından sosial şəbəkələrdə yaradılmış səhifələr, tvitterdə saxta akkauntlar – bunlar hamısı ictimai rəyi çaşdırmaq, auditoriyanı yalana inandırmaq məqsədilə istifadə olunan F.-dir. Adi yalandan fərqli olaraq F.-i həqiqətdən ayırmaq çox vaxt çətin olur, çünki o, gerçəkliyi imitasiya edir; məsələn, birinin müharibədə dinc əhaliyə qarşı qəddarlığı barədə yalan məlumata sübut kimi tamam başqa yerdə, başqa vaxt çəkilmiş real fotoşəkillər yerləşdirilir. Buna görə də auditoriyaya F.-ləri gerçək xəbərlərdən ayırmağa kömək etmək üçün internetdə xüsusi saytlar yaradılır, monitorinqlər həyata keçirilir, hesabatlar dərc olunur. Oksford lüğətlərində terminin özünün XVIII əsrdə İngiltərədə yaradıldığı göstərilir. Digər ensiklopedik mənbələrdə onun ilk vaxtlar cinayətkar aləmdə slenq olaraq işlədildiyi, sonradan istifadə dairəsini genişləndirdiyi və nəhayət, beynəlxalq terminə çevrildiyi bildirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti