Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

felyeton

fr. feuilleton > feuille – vərəq

Dövri mətbuatda dərc olunan satirik məzmunlu tənqidi məqalə.

Felyetonun əsası 1800-cü il yanvarın 28-də Fransada qoyulub. O zaman Parisdə nəşr edilən “Jurnal de deba” adlı qəzet bir vərəqdən ibarət əlavələr – feuille buraxmağa başlayıb ki, burada elanlar, teatr tamaşaları, musiqi əsərləri, moda haqqında məzəli və kəskin tənqidi məqalələr dərc olunub. Felyetonun mövzusu aktuallığı ilə seçilir. Həm nəsr, həm də nəzmlə yazılan felyetonda ictimai həyatın mənfi cəhətləri tənqid olunur, çirkin əməllərə lağ və istehza edilir. Azərbaycan ədəbiyyatında felyeton XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının fəaliyyəti sayəsində inkişaf etməyə və sürətlə yayılmağa başlayıb. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk felyeton C.Məm­mədquluzadəyə, nəzmlə yazılanı isə M.Ə.Sabirə məxsusdur. Ә.Haqverdiyev, Ә.Nəzmi, M.Möcüz və başqaları da felyeton yaradıblar. Realist satiramızın tarixində felyeton janrı mühüm yer tutur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti