Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dağılmaq [dağılmax] feil

1. Sökülmək, uçulmaq, alt-üst olmaq, xaraba halına gəlmək; bərbad hala gəlmək, pozulmaq. □ Daşqın zamanı bəndlər dağıldı. Təsərrüfat dağıldı.
2. Çox işlənməkdən, geyilməkdən, sürtülməkdən yaramaz hala gəlmək, cırılmaq, yırtılmaq, parça-parça olmaq. □ Ayaqqabı dağılmışdır.
3. Darmadağın olmaq, məhv olmaq, ortadan çıxmaq, öz varlığını itirmək, süqut etmək. □ Qoşunun başçısı ölsə də, möhkəm qoşun dağılmaz. (M.Hüseyn).
4. Məcazi mənada: yavaş-yavaş seyrəkləşərək, yayılaraq yox olmaq, çəkilib getmək; puç olmaq, boşa çıxmaq, baş tutmamaq, alt-üst olmaq. □ Duman dağıldı. Bütün ümidlərim dağıldı.
5. Pərakəndə halda, necə gəldi ora-bura tökülmək. □ Muncuqlar qırılıb yerə dağıldı.
6. Tökülmək, o tərəf-bu tərəfə axıb getmək. □ Su dağıldı. Süd dağıldı.
7. Pərakəndə halda tökülmək. □ Qar kimi dümağ pırtlaşıq saçları mütəkkənin üstünə dağılmışdı. (S.Rəhimov).
8. Məcazi mənada: iflas etmək, vardan-yoxdan çıxmaq, kasıblaşmaq. □ ...mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim. (Ü.Hacıbəyov).
9. Müxtəlif tərəflərə getmək, hərə bir yana getmək, çəkilib getmək, dağılışmaq (bir yerə yığılmış çoxlu adamlar, quşlar və s. haqqında). □ Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı. (Mir Cəlal).
10. Yayılmaq, intişar etmək. □ Üç minə yavuq nüsxəmiz Krım, Qazan, Orenburq və qeyri şimali müsəlman şəhərlərində və kəndlərində dağılır. (C.Məmmədquluzadə).
11. Səpələnmək. □ Maşınlar, insanlar dağılır düzə; Çoxalır səhrada gediş-gəliş də. (S.Vurğun).
12. Qurtarmaq, sona çatmaq, tamam olmaq, öz işini qurtarmaq (məclis, iclas və s. haqqında). □ Bir az əvvəl bulaq başındakı arvad yığıncağı dağılmışdı. (Ə.Vəliyev).
13. Əmr şəklində: dağılsın! – xaraba qalsın! məhv olsun! alt-üst olsun! (qarğış). □ Dağılsın qürbət ölkə; Orda bir balam qaldı. (Bayatı).

Həmçinin bax:

frazeologizm: baş-beyni getmək (dağılmaq) frazeologizm: beyni dağılmaq frazeologizm: dünya dağılsa da frazeologizm: evi dağılmaq frazeologizm: fikri dağılmaq frazeologizm: keçiləri dağılmaq Azərbaycan dilinin izahlı lüğəti