Atmosfer yağıntılarından əmələ gəlmiş, ağırlıq qüvvəsinin təsiri altında dağ yamacları və ya dərələrlə yavaş-yavaş hərəkət edən iri buz kütləsi.
B. qar sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu yerlərdə yaranır. Adətən, B. qar sərhədi ilə iki hissəyə bölünür: sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və buza çevrilir (akkumulyasiya). Qar sərhədindən aşağıda isə B.-ın əridiyi və buxarlandığı (ablyasiya) sahə yerləşir. Akkumulyasiya ilə ablyasiya arasındakı nisbətdən asılı olaraq B. irəliləyə – sahəsini böyüdə, yaxud çəkilə – sahəsini azalda bilər. Təsnifatına görə B.-lar bir çox növlərə bölünür, amma əsasən, üç böyük qrupa ayrılır: dağ B.-ları – dağlarda, zirvələrdə toplanan buz kütlələridir; dağ-örtük B.-ları – keçid forması təşkil edən B.-lardır; örtük B.-ları – relyefdən asılı olmadan Antarktida materikini, Qrenlandiya adasını, Şimal və Cənub qütbləri ətrafındakı adaları tamamilə örtən B.-lardır. Müasir B.-ların ümumi sahəsi 16 mln. km², yəni planetimizdə qurunun 11%-ni təşkil edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti