türk. akçe – ağımtıl
1. XIV–XIX əsrlərdə Osmanlı imperiyası və qonşu ölkələrin ərazisində dövriyyədə olmuş türk xırda gümüş sikkəsi.
Ona «ağca», «axçeyi-osmani» də deyilir. A.-nı ilk dəfə 1329-cu ildə Osmanlı imperiyasının banisi I Osmanın oğlu sultan Orxan Qazi kəsdirib. Çəkisi 1,15 qram olan A. xırda pul kimi geniş yayılıb. Lakin XVI əsrin II yarısında A. tədricən dəyərdən düşməyə və paralel olaraq dövriyyəyə buraxılan digər xırda pul, misdən kəsilən mangirə rəqabətdə uduzmağa başlayıb. Əgər XVI əsrin əvvəlində 1 axça 16 mangirə bərabər idisə, XVII əsrin 80-ci illərində onların dəyəri artıq bərabərləşib. Bununla belə, xalq arasında populyarlığı nəzərə alınaraq A. XIX əsrin 30-cu illərinin ortasına kimi kəsilib.
2. Krım xanlığının xırda gümüş sikkəsi.
Bu dövlətin əsasını qoymuş Hacı I Girey (1436–1466) dövründən Şahin Gireyin (1777–1783) hakimiyyətinin sonuna kimi, yəni Krım xanlığının bütün mövcudluğu ərzində dövriyyədə olub. Dəyəri təxminən 1 osmanlı A.-sına bərabər olub.
Tarix terminləri lüğəti