lat. autoritas – hakimiyyət, nüfuz
Hakimiyyətin əsasən və ya tamamilə bir nəfərin (prezidentin, monarxın, baş nazirin), yaxud bir qrup şəxsin əlində cəmləşməsi ilə xarakterizə olunan siyasi rejim forması.
A.-də demokratik qərarlar ya çıxarılmır, ya da saxta xarakter daşıyır, hakimiyyəti xalq yaratmır və ona nəzarət etmir. Seçkilər, referendumlar əksər hallarda formal mahiyyət kəsb edir, saxtalaşdırılır. A.-də real idarəçilik mexanizmi və gerçək ictimai-siyasi münasibətlər qüvvədə olan konstitusiya normaları, o cümlədən qanunlarla ziddiyyət təşkil edir, sonuncular tədricən antidemokratik ruhda dəyişdirilir. A. həm kifayət qədər mötədil (məs.: 1958–1969-cu illərdə Fransada general de Qollun rejimi), həm də açıq hərbi diktatura formasında ola bilər. Lakin bütün hallarda belə rejimlərdə hakimiyyət cəmiyyət üzərində tam və hərtərəfli nəzarəti ələ keçirə bilmir, bu cəhəti ilə də A. totalitarizmdən fərqlənir.
Həmçinin bax:
Tarix terminləri lüğəti