Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda təxminən 1925-1945-ci illər arasında doğulmuş yaradıcı ziyalılar nəsli.
A.-ın görüşlərini formalaşdıran tarixi kontekst stalinizm, Böyük Vətən müharibəsi, “mülayim iqlim” dövrü olmuşdur. Uşaqlıq illəri Stalin repressiyaları dövrünə düşən A. hələ gənc yaşlarında dünyagörüşü böhranı keçirmişdilər. Bunun nəticəsində onların daxilində mövcud rejimə qarşı müxalif münasibət yaranmışdı. Lakin Bulat Okucavanın yazdığı kimi, onların əksəriyyəti inqilabçı deyildi, kommunizm rejimini dağıtmaq niyyətləri də yox idi; sadəcə, öz yazıları ilə bu rejimi insaniləşdirməyə çalışırdılar. XX partiya qurultayından (1956) sonra ictimai həyatda yaranmış və İlya Orenburqun “Ottepel” (Mülayimləşmə) povestinin adı ilə “mülayim iqlim” kimi xarakterizə edilmiş şəraitdə Azərbaycan ədəbiyyatında da həm mövzu və mövzuya münasibət, həm də bədii keyfiyyət baxımından əvvəlki dövr ədəbiyyatından fərqli əsərlər meydana gəlməyə başladı. Azərbaycan ədəbiyyatında İ.Hüseynov, Anar, Elçin, Ç.Hüseynov, Rüstəm və Maqsud İbrahimbəyovlar və b. A.-ın nümayəndələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti