XVII–XVIII əsrlərdə İran və Cənubi Qafqazda işlədilmiş gümüş sikkə.
A. danışıq dilində «abası», «abaz», «abas» kimi də tələffüz olunur. O, Səfəvi hökmdarı şah I Abbasın (Şah Abbas) hakimiyyəti dövründə, təxninən 1620-ci ildə təsis olunub və onun şərəfinə adlandırılıb. İlk vaxtlar çəkisi 7,7 qram, nominal dəyəri 4 şahı və ya 200 dinara bərabər olub. Səfəvilər dövlətinin, həmçinin XVIII əsrdə Azərbaycan xanlıqlarının pul dövriyyəsində A. əsas pul vahidi rolunu oynayıb. Azərbaycan Rusiya tərəfindən ilhaq edildikdən sonra A. öz çəkisinə görə ona uyğun gələn rus gümüş sikkəsi 2 qrivenniki və ya 20 qəpiyi ifadə edib. Həmin mənada A. son dövrlərədək tarixi-arxaik termin kimi xalq arasında geniş işlədilib.
Tarix terminləri lüğəti