Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təxmis

Klassik Azәrbaycan poeziyasında beşbəndli şeir şәkillәrindәn biri.

T. beşliyin özünəməxsus növlərindən biridir. T. hər hansı bir şeirin hər beytinin əvvəlinə üç misra artırmaqla yaradılır. T.-in qafiyə quruluşu belədir: a.a.a.a.a, b.b.b.b.a, c.c.c.c.a, d.d.d.d.a və s. M.Füzuli aşağıdakı T.-ində Həbibinin qəzəlindən istifadə edib:

Ta cünun rəxtin geyib, tutdum fəqa mülkün vətən,

Əhli-təcridəm, qəbul etməm qəbavü pirəhən,

Hər qəbavü pirəhən geysəm misali-qönçə mən,

“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,

Görüm olsun ol qəba əynimdə, pirəhən kəfən”...

                                   ***

...Xahi sincab eyləsin fərşin, Füzuli, xah gil,

Hicr ilə mütləq yuxu görməz, əylənməz könül,

Yarsız eşq əhlinin dinlənməgi mümkün deyil,

“Necə dinləsin Həbibi sənsiz, ey əndamı gül,

Kim batır cisminə təndə hər tük olmuş bir tikən”.

Bu T.-in bəndlərinin ilk üç misrası M.Füzulinin, sonrakı iki misrası isə Həbibinindir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti