ərəb. qasım (əslində qasim) sözündəndir. Qasım kişi adı bölən, bölüşdürən, ayıran, dərdinə şərik olan, pay verən mənasındadır.
Məişətimizdə Qasım adı geniş yayılmış kişi adları sırasındadır. Müsəlman ölkələrində Qasım adı geniş yayılmışdır. Məlum olduğu kimi, Məhəmməd Peyğəmbərin oğlunun adı Qasım olmuşdur. Adın daşıyıcılarından XIX əsrdə yaşayıb-yaratmış Azərbaycanın məşhur satirik şairi, milli realizmin ilk görkəmli nümayəndələrindən olan maarifçi, satirik üslubun əsasını qoyan qüdrətli sənətkar Qasım bəy Zakirin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Adın daha bir daşıyıcısı XX əsrdə Azərbaycanda görkəmli ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, şair, filologiya elmləri doktoru Qasım Xansuvar oğlu Qasımzadə (1923-1993) ədəbi-tənqid, tərcüməçilik sahəsində xüsusi yeri olan ziyalılarımızdan olmuşdur. Azərbaycanda Qasımov, Qasımzadə, Qasımlı soyadları da kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti