fars. nuç (dadlı, şirin) və ab (su) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Nuşabə qadın adı dadlı, şirin su, həyat suyu, dirilik suyu anlamlarını ifadə edir.
Adın təhrif olunmuş forması Nüşabə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. XX əsrdə məişətimizdə Nüşabə qadın adı geniş yayılmışdı. Əminliklə demək olar ki, adın dəbdən düşməməsində N.Gəncəvinin “İsgəndərnamə” əsərində sevə-sevə yaratdığı ağıllı, ədalətli, xalqını sevən hakim qadın Nüşabə surətinin də özünəməxsus rolu olmuşdur. Qeyd etmək lazımdır ki, Nüşabənin tarixi şəxs olması ilə bağlı mülahizələr hələ də dəqiq təsdiqini tapmamışdır. Doğrudur, Bərdə şəhərində guya Nüşabənin yaşadığı sarayın xarabalığının mövcud olması barədə məlumatlar mövcuddur. Lakin tarixi şəxsiyyətin mövcudluğunu bir qala xarabalarına istinad etməklə sübuta yetirmək çətin məsələdir. Bir məsələni qeyd etmək lazımdır ki, Nizami yaradıcılığında Şərqdə cəsur sərkərdə və ağıllı tarixi şəxsiyyət kimi yaddaşlarda qalmış, haqqında saysız-hesabsız rəvayətlər, əfsanələr, nağıllar, dastanlar dolaşan fateh İsgəndrin bir qadının təsiri ilə bir anda dəyişməsi sənətkarlıq cəhətdən o qədər güclü təsvir edilmişdi ki, xalq görkəmli şairin qadın qəhrəmanı Nüşabəni sevdi, adını da məişətimizdə yaşatdı.
Azərbaycan şəxs adlarının izahlı lüğəti