Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NİGAR

fars. nigar sözü dilimizə hərfi tərcümədə yazılmış, cızılmış, nəqş edilmiş, həmçinin rəsm, şəkil, surət, bəzək anlamlarındadır. Gözəl, yaraşıqlı (sevgili) kimi məcazi mənaları ifadə edir.

Dünyaya gələn qız övladlara Nigar adını verən valideynlər, yaxınlar sözün məcazi mənasına əsaslanıblar. Azərbaycanda günümüzdə də geniş yayılmış qadın adları sırasında olan Nigar türk xalqları arasında geniş yayılmış şəxs adlarındandır. Mənbələrdə nigar sözünün “Kitabi-Dədə Qorqud” dastanlarında bəzək mənasında işləndiyi barədə məlumatlara rast gəlinir. XVI əsrə aid edilən yazılı abidələrdən olan “Baburnamə”də, XVI əsrin sonu, XVII əsrin əvvəllərinə aid edilən “Koroğlu” dastanında da Nigar adına rast gəlirik. Adın məişətimizdə bu qədər geniş yayılmasında “Koroğlu” dastanı xüsusi qeyd olunmalıdır. Dastanda əsas qəhrəmanın həyat yoldaşı, silahdaşı Nigar çox səmimi, cəsarətli, sədaqətli, elini, obasını sevən gözəl bir xanım kimi təsvir edilmişdir. Bu keyfiyyətlər də Nigar adının məişətimizdə uzunömürlülüyünə səbəb olan amillərdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti