Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

MƏHSƏTİ

fars. mahsati (əslində mah hasti) sözündən olub, dilimizə tərcümədə Aysan (san), həmçinin Ay üzlü anlamlarındadır.

Məhsəti Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış qadın adları sırasındadır. Məhsəti XII əsrdə yaşayıb-yaratmış, tarixiliyi də, təxəllüsü də hələ dərindən araşdırılmamış, ədəbiyyat tarixində gözəl rübailər müəllifi kimi qalmış Mənicə Gəncəvinin təxəllüsündəndir. Bəzi mənbələrdə Məhsəti Gəncəviyə təxəllüsün Sultan Səncər tərəfindən verildiyi barədə məlumatlara rast gəlinir. Şairin poetik irsi ilə tanışlıq şairənin riyaziyyat, astronomiya, bir sıra humanitar elmlər, o cümlədən fəlsəfə sahəsindəki biliyindən xəbər verir. Onun gözəl şahmat oynaması və musiqiçi olması barədə də məlumatlar mövcuddur. Məhsətinin cəsarəti, azadlıqsevərliyi onun poeziyasında özünü göstərən xüsusi zövq incəliyi ilə, yumor hissi ilə birlikdə şairəyə pərəstiş hissi doğurur. Təsadüfi deyildir ki, şairin həyat və yaradıcılığının hərtərəfli araşdırıcılarından olan avstriyalı şərqşünas F.Mayer öz ciddi və əhatəli əsərini “Füsunkar Məhsəti” adlandırmışdır. Adın təhrif edilmiş formaları Məshəti, Məsəti də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti