hamza sözündəndir. Azərbaycan dilində batırma, sancma, dürtmə, həmçinin isti, yandırıcı, qaynar, çılğın mənalarındadır.
Ərəb dili ilə bağlı mənbələrdə həmzə ərəb əlibasında boğazbağlı samit tələffüzünü göstərən işarə kimi izah edilmişdir. Ayn və hamza səslərinin interferensiyası, daxilində ayn və həmzə səsləri olan ərəb sözlərinin yazılış qaydası olaraq göstərilir. Hələ orta əsr ərəb dilçiləri ərəb dilinin özündə həmzə səsinin söz ortasında və söz qovuşuğunda itməsini göstərirdilər. Qeyd etmək lazımdır ki, İslam tarixində Həmzə (Məhəmməd Peyğəmbərin doğma əmisi olmuşdur) İslam dinini qəbul edən ilk ərəbin adıdır. Rəvayətə görə, əmisi qardaşı oğlu Məhəmmədə tərəf duraraq İslamı qəbul edən ilk şəxs olmuşdur. XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış Həmzə şəxs adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcıları arasında sufi şairlərdən olan Mir Həmzə Nigari (1795-1886) N.Gəncəvi, İ.Nəsimi, Y.Şirvani, M.Füzuli, Yunus İmrə kimi şeirlərində təsəvvüfi mövzulara müraciət etmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeiri şəkilləri ilə heca vəznində sufi şeirləri yazan divan sahibidir. Yaradıcılığında Allah, peyğəmbər və əhli-beyt eşqi və məhəbbəti əsas yer tutur. O, əsərlərində “vətən sevgisi imandandır” deyə Azərbaycana və Qarabağa məhəbbətini etiraf etmişdir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda Həmzə kişi adının azalması, çox ehtimal ki, xalqımızın çox sevdiyi “Koroğlu” dastanında qəhrəmanın səmimiyyətindən istifadə edərək onun atını qaçıran Keçəl Həmzəyə formalaşmış mənfi münasibətin nəticəsidir. Artıq neçə əsrdir ki, “Koroğlu” dastanındakı qəhrəmanı aldada bilən, kələkbaz surətin adının da Həmzə olması ilə əlaqədar bu ad hiylə, yalançılıq, fitnə rəmzinə çevrilmişdir. Çünki Həmzəyev soyadının Azərbaycanda geniş yayılmış soyadlardan olması yaxın keçmişdə Həmzə adının məişətimizdə geniş yayılmasına dəlalət edir. Azərbaycan ərazisində Həmzə antroponimi ilə əlaqədar yer adları da mövcuddur. Zaqatala bölgəsində Həmzəqor dağı, Qəbələ bölgəsində Həmzəli həm çay, həm də kənd adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti