Hörmüz adına “Avesta”da rast gəlinir. Atəşpərəstliyə görə, farslarda Ahura Məzda şər allahı Əhrimənə qarşı mübarizə aparan xeyir tanrısının adlarından biridir.
Tarixdən məlumdur ki, Hörmüz Sasanilər sülaləsinə mənsub olmuş İran şahlarından birinin adı olmuşdur. Ərəblər arasında Kəsra adı ilə tanınan Nuşirəvanın oğludur. Hörmüzün sarayda “türk şahzadəsi” adı ilə çağırılan anası Xəzər xaqanının qızı olmuşdur. Atası Nuşirəvanın ölümündən sonra (579-590) 11 il şah taxtında oturan Hörmüz Bəhram Çubinin üsyanı zamanı taxtdan salınmışdır. Hörmüz həmçinin Fars körfəzində yerləşən adalardan birinin adıdır. İran tarixində 1050-1600-cü illərdə Hörmüz dövləti də mövcud olmuşdur. Azərbaycanda Hörmüz kişi adı N.Gəncəvinin “Xosrov və Şirin” əsərində əsas surətlərdən olan Xosrovun atasının, ədalətli şah surətinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti