fidan yenicə yetişən cavan ağac və ya kol anlamındadır.
Klassik ədəbiyyatda obrazlı ifadələrdə tez-tez rast gəlinir. Fidan sözünün incə, zərif kimi məcazi mənaları vardır. Fidan qadın adı sözün məcazi mənası ilə əlaqədardır. Məişətimizə XX əsrin 40-cı illərindən daxil olmuş Fidan qadın adının geniş yayılması XX əsrin altmışıncı illərinə təsadüf edir. Həmin dövrdən günümüzə qədər Fidan Azərbaycanda dəbdə olan qadın adları sırasındadır. Fidan qadın adının sonuna -a sonluğu artırmaqla Fidanə variantı da yaranmışdır. Adın daşıyıcılarından Dövlət mükafatı laureatı, Xalq Artisti, Azərbaycan Respublikasının “Şöhrət” Ordeni ilə təltif olunmuş Fidan Qasımova XX əsrdə Azərbaycan vokal məktəbini beynəlxalq səviyyəyə qaldırmış və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu vokal müsabiqələrinin qalibi olmuş ilk müğənnidir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti