Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏRHAD fars.

farhad sözü pəhləvi dilindən hərfi tərcümədə anlayan, başa düşən anlamındadır. Fərhad kişi adı zehinli, dərrakəli, qanacaqlı anlamlarındadır.

Hazırda Fərhad türk xalqlarının məişətində geniş yayılmış kişi adları sırasındadır. Keçən əsrdən etibarən Fərhad kişi adı məişətimizdə o qədər geniş yayılmışdır ki, bəzən alınma ad olduğuna inanmaq bir qədər çətin olur. İran tarixində Fərhad əsarətdən qurtarmaq üçün üsyan qaldırmış doqquz ölkə başçılarından birinin adı kimi keçir. Məlum olduğu kimi, Bisütun dağında həmin doqquz üsyançının şəkli və o dövrün hadisələri həkk olunmuşdur. Bu hadisələrdən sonra ad əfsanələşmiş, Fərhad bir çox əfsanələrin əsas qəhrəmanına çevrilmişdir. Xalq Şairi Səməd Vurğuna xalq məhəbbəti barədə çox yazılmışdır. Görkəmli sənətkarın 1941-ci ildə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında yazdığı “Fərhad və Şirin” mənzum dramındakı vətənpərvər Fərhad surəti xalq arasında çox sevilmişdi. Qeyd etmək lazımdır ki, məişətimizdə Fərhad adının geniş yayılması da məhz bu dövrə təsadüf edir. Bu illərdən Azərbaycanda yeni doğulmuş oğlan uşaqlarına Fərhad adı daha çox qoyulmuşdur. Əminliklə demək olar ki, Fərhad şəxs adı bu gün Azərbaycanda geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti