budaq sözü ağacların, eləcə də kolların gövdə hissəsindən ayrılan hissə, şaxə, qol, həmçinin ağacın budağı, şaxəsi mənasındadır. Lakin bu ad sadəcə bitki aləmi ilə əlaqədar deyildir. Dilimizdə budaqlanmaq, min budaq olma, yəni artmaq, inkişaf etmək, insanların işlərinin hərtərəfli yaxşı getməsi ifadəsi mövcuddur. Bu yönümdən yanaşdıqda Budaq şəxs adı ailədə inkişaf, davam, artım mənasındadır.
Təktək adlardandır ki, oğuz babalarımızdan bu günə qədər gəlib çatmışdır. “KitabiDədə Qorqud” dastanlarında da Budaq adına (Qaragünə oğlı Qarabudaq, Qaragünə oğlı Dəli Budaq, Qaragünə oğlı Budaq, Qarabudaq bay) rast gəlirik. Müasir Azərbaycan dilində budaq sözünün işləndiyi alqış məzmunlu ümumişlək ifadələr kifayət qədərdir. Məsələn, Bala, sani min budaq olasan! (Yəni həyatında yaxşılığa artım olsun), Filankas hala tazataza budaqlanır (işləri təzəlikcə qaydasına düşür) və s. Məlumdur ki, yeni dünyaya gəlmiş hər bir övlada ad verilərkən valideynlərin ürəyində arzular baş qaldırır. Budaq adı da, fikrimizcə, bu ifadələrin məzmununda olan alqış məzmunu ilə əlaqədardır. Adın məcazı mənası da maraqlıdır. Valideynin oğul övladına münasibəti əks edilir. Oğul budaqdır, ailənin inkişafı, davamıdır. Nəslin ağaca bənzədilməsi dünyanın əksər millətlərində vardır. Məsələn, ərəblər ağaca “şəcər”, ailə sülaləsinin qollarını göstərən cədvələ isə “şəcərə” deyirlər. Avropa xalqlarının əksəriyyəti həmin cədvəli “genealoji ağac” adlandırır. Budaq babalarımızın, nənələrimizin gözəlliyə münasibəti baxımından da maraqlıdır. Onlar üçün gözəllik konkret, real olmuşdur. Onlar yaşıllaşan ağaca baxanda, budaqlarının təzə açmış yarpaqlarını görəndə sevinir, dağ başında gül görürkən zövq alırdılar. Budaqov soyadı da Azərbaycanda geniş yayılmışdır. Adın daşıyıcılarından coğrafiya elmləri doktoru, professor, AMEAnın həqiqi üzvü, uzun illər Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmış Budaq Budaqov (1928–2012) Azərbaycan elminin inkişafında xidmətləri olmuş alimlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti