Atilla çox məşhur adlardandır. Bu adın bir neçə mənası var: 1. Böyük, ünlü, ulu. 2. Atacan. 3. Döyüşçü, fateh.
Atilla adını eşidərkən hun türklərinin tarixdə iz qoymuş məşhur imperatoru, bir çox ölkələri fəth edərək bəşəriyyət tarixində tanınan və qəbul edilən dünyanın ən məşhur sərkərdələrindən biri, hunların böyük sərkərdəsi Atilla (400-453) türk xalqları arasında Atlı xan (bəzi mənbələrdə Atdıxan kimi göstərilir) adı ilə də tanınır. Bizans qaynaqlarında hunların ən böyük hökmdarı, şanlı-şöhrətli Atillanın zəfər və qəhrəmanlığına dair türkcə şeirlər qoşulduğu barədə məlumatlara rast gəlinir. “Avropanın imperatoru” titulunu qazanmış Hun İmperiyasının hökmdarı Atilla bu gün bəziləri üçün qəhrəman (xüsusilə Türk və Macar mədəniyyətində), bəziləri üçün isə barbarların atası (Avropa mədəniyyətində) olaraq anılır. Azərbaycanda sovet dövründə bu ada, demək olar ki, təsadüf edilmirdi. Lakin son illərdə valideynlər dünyaya gələn oğlan övladlarına sevə-sevə Atilla adını verirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti