Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AYDIN türk mənş.

aydın sözünün dilimizdə bir neçə anlamı vardır:

1.İşıqlı, nurlu, işıqsaçan, parlaq; 2. Ay işığı, aylı; 3. Aşkar, anlaşılan, məlum olan, bilinən, yaxşı seçilən, eşidilən, görünən; 4. Buludsuz, açıq, təmiz (hava); 5. Ziyalı, savadlı (şəxs), görünən (gizli qalmayan), bilinən deməkdir.

Aydın kişi adı sözün əsasən birinci mənası ilə əlaqədardır. Aydın deyərkən qaranlıqdan, qarışıqlıqdan uzaq olma kimi dərk edilir. Bir qarışıq qalmış məsələ ilə bağlı hər hər şey aşkara çıxanda “aydın oldu”, yəni açılmamış bir iş qalmadı ifadəsini işlədirlər. Qaranlıqdan qurtarınca “Aydınlığa çıxdım”, “Gözün aydın olsun” yəni qaranlıqdan qurtardım kimi ifadələrlə təbrik edirlər. Çox qədim türk adlarından olması məlumdur. Tarixdən məlumdur ki, Səlcuqların hakimiyyəti dövründə Türkiyənin indiki Aydın vilayətində və onun ətrafında Aydınoğulları bəyliyi də olmuşdur. Bu gün də Türkiyədə Aydın şəhəri, həmçinin Aydın, Aydınoğulları adı daşıyan banklar, böyük şirkətlər, ticarət nişanları mövcuddur. XX əsrdə adın məişətimizdə geniş yayılmasında görkəmli dramaturq C.Cabbarlının “Aydın” əsərini xüsusi qeyd etmək lazımdır. Aydın şəxs adı o dövrdən bu günə qədər məişətimizdə geniş yayılmış kişi adları sırasındadır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında tərkibində Aydın adının iştirak etdiyi Aydınbəy və Aydınxan kimi mürəkkəb kişi adları da möcvuddur. Lakin digər türk xalqlarının məişətində tərkibində adın komponent kimi işləndiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Məsələn, Aydınalp, Aydınər, Aydıntan, Aydıntuğ və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti