ata övladı olan valideyn, kişi, türk dillərində baba, əcdad; istiqamət verən, yol göstərən, mənəvi dayaq mənasındadır.
Dünyanın bir çox dillərində olduğu kimi, Azərbaycan antroponimikasında da qohumluq, əqrəbalıq bildirən sözlərdən yaranmış şəxs adlarıda mövcuddur. Məsələn, Ata, Nənə (bax: ad – NƏNƏ), Bibixanım (bax: ad – BİBİXANIM) və s. V.İ.Abayev skiflərdə m.ə. IV əsrdə Atey şəxs adını izah edərkən ata adını paralel gətirmiş, hər ikisini osetin dilində ədə – “ata”, “baba” sözü kimi izah etmişdir. Lakin osetin dilindəki ədə sözü özü də türk mənşəlidir. Türk dilində ata “ulu əcdad”, “ulu”, “müqəddəs sələf” sözündəndir. Hələ şumerlərdə “Aldani” – onun atası (sami mənşəli akkad dilində), erkən orta əsrlərdə uyğurlarda Atay-Sili Xaqan, 776 cı ildə Orta Asiyada ərəblərə qarşı başlanmış Xürrəmi üsyanının “Müğənna” hərbi ləqəbli başçısı Ata, VIII əsrdə Buxara hakimi Qisrif ibn Ata və b. şəxs adlarına rast gəlinir. Qədim türklərdə əcdada sitayişlə əlaqədar verilmiş adlardandır. Azərbaycanda və Orta Asiyada bəzi övliyaların adlarının sonundakı ata sözü də bununla əlaqədardır. Bu gün də Azərbaycanda çox zaman yaşlı insana hörmət naminə “ata” deyə müraciət edilir. Məlum olduğu kimi, azərbaycanlı ailələrdə atanın adının oğula (nəvəyə) veriməsi ənənəsi mövcuddur və bu gün də yaşayır. Bu zaman hər dəfə ailədə atanın adını çəkməmək məqsədilə həmin övlad “Ata”, ”Baba”, “Dədə” deyə çağırılır. Hazırda Ata kişi adına çox az təsadüf edilsə də, Azərbaycan antroponimikasında tərkibində Ata (bəzən də Atam) adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ata bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti