ali sözündəndir. Ali (bax: ad – ƏLİ) adının Azərbaycan dilindəki variantıdır.
Əli adının ərəbcə tələffüzü daha çox Alıya yaxındır, bu gün də bir çox bölgələrimizdə Əli adı Alı kimi tələffüz olunur. Alı şəxs adı dastanlarımızda da yer almışdır. Hamısında da igid insanların adı kimi təqdim edilir. Etiraf etmək lazımdır ki, Alı adını eşidən kimi nədənsə ilk növbədə “Koroğlu” dastanı yada düşür. Dastanın birinci qolundan sonra Alı kişinin oğlu cəsur Rövşən “Koroğlu”, yəni kor kişinin oğlu adı ilə çağırılsa da, başqa sözlə, daha qəhrəmanın atası Alı kişinin adı çəkilməsə də, Alı adını eşidən kimi Koroğlunun atası xatırlanır. Mənbələrdə “al”, “alu” sözləri ilə əlaqələndirilir. Bəzi sözlərin qarşısında “al” işlənilməklə parlaqlıq ifadə olunur: alyanaqlı, alqırmızı və s. Bəzi dilçilərin fikrincə, aldatmaq feilinin əsasında duran “al” sözü də bədii ədəbiyyatda yalan, hiylə mənasındadır. Al ana bir mifoloji obraz kimi məlumdur. Alu, yəni alça sözü ilə də əlaqələndirilir. Məhz bu səbəbdən bir sıra mənbələrdə Alı şəxs adının albuxara, yəni Buxara gavalısı sözü ilə bağlılığı göstərilir. Alı şəxs adı ali, üstün olan mənasındadır. Alı kişi adı Azərbaycanda XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adlarından olmuşdur. Adın daşıyıcıları arasında XIX əsrdə aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuş Aşıq Alının (1801-1911) şöhrəti hələ sağlığında Türkiyəyə, İrana, Dağıstan ellərinə yayılmışdı. XX əsrdə adın məşhur daşıyıcılarından “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatları laureatı, I Qarabağ müharibəsində ən qaynar nöqtələrdə reportajlar hazırlamaqdan çəkinməyən jurnalist Alı Mustafayevi (1952-1991) qeyd etmək olar. 20 noyabr 1991-ci ildə döyüş bölgələrinə növbəti reportaj hazırlamağa gedən fədakar jurnalistin olduğu hərbi vertolyot işğalçı erməni silahlıları tərəfindən vuruldu. Bir çox hökumət nümayəndələrinin də olduğu hərbi vertolyotda həlak olanlar arasında Alı Mustafayev də var idi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti