Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbi növ

Bədii ədəbiyyatda həyat hadisələrinin təsviri üsuluna, bədii nitqin quruluşuna görə oxşar ədəbi əsərlər qrupu.

Həyat hadisələrini əks etdirmək baxımından bədii əsərlər üç ədəbi növə bölünür: lirik, epik və dramatik. Ədəbi növlərin bu ənənəvi bölgüsünü ilk dəfə Aristotel verib. Lirik növ qəhrəmanın daxili aləmini, ruhi vəziyyətini əks etdirir. Epik növdə olan əsərlər, əsasən, təhkiyə və ya təsvir əsasında hadisə, xarakter və onlar arasındakı münasibətlərdən bəhs edir. Dramatik növdə isə hadisələr qəhrəmanların dialoqu və monoloqu vasitəsilə əks olunur. Bu ədəbi növlər həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda var. Yazılı ədəbiyyatımız XIX əsrin ortalarına qədər yalnız lirik və epik növdə inkişaf edib. Dramatik növün əsasını M.F.Axundzadə 1850-ci ildə “Hekayəti-molla İbrahimxəlil kimyagər” kome­diyası ilə qoyub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti