Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏCƏMİ ərəb.

acam sözündəndir. Dilimizdə köhnəlmiş sözlərdən hesab edilən acam sözü bir neçə anlam ifadə edir. Keçmişdə ərəb olmayan xalqlara və onların nümayəndələrinə, xüsusən də İran əhalisinə aid edilənlərə, iranlılara verilən ad olmuşdur. Bir vaxtlar İran sözünün əvəzinə işlənmişdir. Əcəmi kişi adı yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı Naxçıvanla bağlı olan məşhur memar Əcəmi Naxçıvaninin adındandır.

Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, öz sənət üslubu ilə Səlcuqilər dövrü memarlığının nisbətən ağır və sərt üslubuna incəlik və dinamiklik gətirmiş, ümumiyyətlə, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Onun yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Memar 1186-cı ildə Naxçıvanın qərb hissəsində İslam aləmində ən hündür və incə kompozisiyalı türbələrdən sayılan Mömünə xatun türbəsini ucaltmışdır. “Atabəy günbəzi” adı ilə məşhur türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Şərqin böyük dühaları Əcəmiyə “Şeyxülmühəndis” (mühəndislərin başçısı) fəxri adı vermişdilər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti