Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SİNƏXANIM

fars. sina və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xanım titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Müasir Azərbaycan dilində ümumişlək sözlərdən olan sinə sözü köks, döş, həmçinin yamac mənalarını ifadə edir. Ürək, qəlb kimi məcazi mənalarda klassik ədəbiyyatda tez-tez rast gəlinən ifadə və kəlmələr sırasındadır. Məlumdur ki, müasir Azərbaycan dilində tərkibində sinə kəlməsinin işləndiyi sinəbənd, sinədəftər, sinədolusu və s. kimi mürəkkəb sözlər ümumişlək söz və ifadələr sırasındadır. Sinəxanım qadın adındakı sinə kəlməsi sözün məcazi mənası ilə əlaqədardır. Beləliklə, Sinəxanım (bax: ad – XANIM) qadın adı ürəyə, qəlbə yaxın xanım anlamına gəlir. Qeyd etmək lazımdır ki, nə fars dilində, nə də türk dillərində Sinəxanım qadın adına rast gəlinir. Məişətimizdə geniş yayılmamış, nadir şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti