Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nağılsonu

Nağılın əsas süjeti bitdikdən sonra söylənən sonluq; epiloq xarakterli final.

Adətən, bir çox nağıllar üçün xarakterik olan standart ifadələrdən ibarət olur: “Göydәn üç alma düşdü, biri nağıl deyәnin, biri nağıla qulaq asanın, biri də nağılı yadda saxlayanın. Siz sağ, mәn səlamət. Siz yüz yaşayın, mәn iki әlli. Hansı çoxdu sizin, qalanını da mәnə verin...”  Sonu sevgililərin bir-birinə qovuşması ilə bitən na­ğıllarda: “Qırx gün, qırx gecә toy elәdilәr. Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, dövrə keçin”.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

naşir

Kitab və ya dövri mətbu nəşrlərin istehsalı və satışı ilə məşğul olan hüquqi və ya fiziki şəxs; nəşriyyat sahibi.

Bu­rada “nəşrin istehsalı” dedikdə, ilk növbədə, nəşriyyat-re­daksiya prosesləri: redaktə, dizayn, korrektura və s. nəzərdə tutulur. Bu fəaliyyət nəşrin maketinin hazırlanması ilə başa çatır. Nəşr məhsulunun çoxaldılması (tirajlanması) mətbəədə baş verir ki, bunun da maddi-texniki təminatını naşir həyata keçirir. Kitab satışının, habelə marketinqin təşkili də naşirin funksiyalarına aiddir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

natamam qafiyə

Qafiyə yaradan sözlərin az bir hissəsinin, əsasən, son hecasının səsləşməsi.

Belə qafiyəyə bəzən yoxsul qafiyə və ya yarımqafiyə deyilir; məsələn:

Çеvirib üzünü nərəyə dönsən,

Кönlümün gözləri düşər ardına,

Çünкi təbiətdən öyrənmişəm mən,

Günəbaхan baхar Günəş yurduna. (M.Müşfiq)

Bu nümunədə dönsən sözü ilə mən, ardına sözü ilə yurduna sözləri qafiyə sözlər olsa da, onların yalnız az bir hissəsi – sonu bir-biri ilə səsləşir; yaxud:

Günbəgün könlümün artır qubarı,
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax! (M.P.Vaqif)

Bu nümunədəki qubarı, qəmküsarı, əğyarı qafiyələrinin son iki hecası səsləşdiyi üçün natamam qafiyədir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəsr

Vəzni, qafiyəsi olmayan, ədəbi danışıq dilinə xas cüm­lələrdən ibarət bədii nitq forması.

Nəzmin struktur va­hidləri bəndlər və misralardırsa, nəsrdə bunu həcm və forma baxımından daha sərbəst olan abzaslar və cümlələr əvəz edir. Daha çox nəzmdə rast gəlinən bir çox bədii ifadə vasitələri – məcazüslubi fiqurlar bədii nəsr üçün də səciyyəvi ünsürlərdir. Nəsrlə yazılan əsərlər sırasına hekayə, povest, roman, novella, oçerk, memuar və s. daxildir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nәzirә

Yazıçının başqa bir müəllifin əsərindən təsirlənərək yazdığı oxşar, lakin bir çox cəhətdən yeni bir əsər.

Parodiya və təqliddən fərqli olaraq nəzirədə ilkin əsərə və ya onun müəllifinə qarşı kinayə olmur. Əksinə, bir çox hallarda nəzirə müəllifinin öz sələfinə və ya bəhrələndiyi əsərə hörməti bu və ya digər şəkildə özünü büruzə verir. Mövzu vә süjet eti­barilә nəzirədə әvvәlki әsәrdәkindәn ciddi surәtdә fәrqlәnәn bir ideya da ifadә oluna bilir. Ədəbiyyatımızda nəzirə yazmaq ənənəsi geniş yayılıb. Ş.İ.Xətai İ.Nəsiminin “Ayrılır” qəzəlinə nəzirə yazıb. Bu qəzəldə Ş.İ.Xətai İ.Nə­siminin birinci misrasını olduğu kimi saxlayıb. M.Ə.Sabir “Amalımız, əfkarımız ifnayi-vətəndir” şeirini Türkiyə şairi N.Kamalın “Vətəndir” şeirinə nəzirə yazıb. X.Natəvan “Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm” misrası ilə başlanan qəzəlini M.Füzulinin eyni rədifli qəzəlinə nəzirə kimi yazıb:

Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,  

Rümuzi-eşqdən agah olub ustad olan könlüm.  

                                       ***  

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?  

Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?..  

                                      ***

Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,  

Gəzər Məcnuntək avarə, mənim naşad olan könlüm.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nida

İnsan hislərini (hiss, həyəcan, arzu və istək və s.)  ifadə edən köməkçi nitq hissəsi; məs.: Ay! Oh! Ax! Uff! və s.

Əsas nitq hissələrindən fərqli olaraq nidalar nominativ (adlan­dırma) funksiyasına malik deyildir. Bu sözlər, sadəcə, insanın ətrafdakı hadisələrə reaksiyasını ifadə edir. Nidalar leksik, qrammatik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü rolunda çıxış etmir. Nidaların müxtəlif məna növləri var: 1) sevinc, heyranlıq bildirənlər: bəh-bəh, ura, oxqay, ay can-ay can və s.; 2) qorxu, narahatlıq, kədər bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, of, ox, oy, eh, ay dad və s.; 3) çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey və s.; 4) nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Nidaların məna bölgüsü şərtidir və konkret situasiyadan asılıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nida cümləsi

Hiss-həyəcan bildirən və xüsusi intonasiya ilə tələffüz olunan cümlə.

Nida cümlələri iki yolla yaranır: 1) yal­nız intonasiya vasitəsilə: Qız nə qız!; 2) nidaların köməyi ilə: Bəh-bəh, necə də gözəldir! Nida cümlələri nəqli, sual və əmr cümlələrinin yüksək hiss-həyəcanla deyilməsindən də yaranır. Belə cümlələrin sonunda nida işarəsi qoyulur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti