İnsanların gündəlik həyatından bəhs edən, fantastik qüvvələrin iştirak etmədiyi nağıllar.
Bu nağıllarda hadisələr reallığa daha yaxındır. “Yeddi qardaş, bir bacı”, “Usta Abdulla”, “Yetim İbrahim”, “İlyasın nağılı”, “Daşdəmirin nağılı”, “Qazanılmış manat” və s. məişət nağıllarıdır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsanların gündəlik həyatda bir-biri ilə ünsiyyət saxladıqları şifahi nitq forması.
Məişət üslubu adi danışıq dilidir. Bu üslubun konkret dil göstəriciləri yoxdur; əsas əlaməti nitqin sərbəstliyi, təbiiliyi və yığcamlığıdır. Məişət üslubu ədəbi dilin ən geniş yayılmış kütləvi üslubudur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Azәrbaycan әdәbiyyatında mәnzum hekayənin bir növü; hekayət.
Hər mәqalat bitkin süjet xәttinә malik olan müstәqil әsәrdir. Mәzmununa görә məqalatlar, әsasən, didaktik xarakter daşıyır. Mәqalat tәklikdə yazılıb oxunduğu kimi, silsilә şәklindә dә olur. Nizaminin “Sirlər xəzinəsi” əsərində 20 məqalat vardır. Silsilə şəklində olan məqalatlar mövzu baxımından bir-birini tamamlayır. Divan ədəbiyyatında məqalatlar məsnəvi formasında yazılırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbi tənqidin əsas janrlarından biri.
Adətən, dövri mətbuatda dərc olunan məqalə çox zaman yeni ədəbi nəşrlərlə bağlı olur və resenziya xarakteri daşıyır. Bununla yanaşı, ədəbi dərgilərdə nəzəri və tarixi səpkili elmi-ədəbi məqalələr də dərc olunur. İrihəcmli monoqrafiyalardan fərqli olaraq məqalə hər hansı ədəbi fakta və ya ədəbiyyatşünaslığın dar bir probleminə həsr olunur. Bəzən tənqidçi və ədəbiyyatşünaslar böyük tədqiqatın ayrı-ayrı bitkin hissələrini məqalələr şəklində dərc etdirirlər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədə ifadə olunan hal və hərəkətin məqsədini bildirən və baş cümlədən çıxan nə məqsədlə? sualına cavab olan budaq cümlə.
Məqsəd budaq cümləsində baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi “ki” bağlayıcısından istifadə olunur; məs.: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir; məs.: Biz ondan ötrü bura gəldik ki, şəhid anasına dəstək olaq. Məqsəd budaq cümləsi sadələşəndə “məsdər (tərkibi) + üçün qoşması” şəklində sadələşir; məs.: Məhərrəm və Ülvi tələsirdilər ki, Qarabağa gedən qatara gecikməsinlər – Məhərrəm və Ülvi Qarabağa gedən qatara gecikməmək üçün tələsirdilər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin məqsədini bildirən və niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? suallarından birinə cavab verən zərflik.
Məqsəd zərflikləri aşağıdakı vasitələrlə ifadə olunur: 1. Yönlük halda olan məsdər və məsdər tərkibləri ilə: Biz bura boş-boş oturmağa yox, işləməyə gəlmişik. 2. Üçün, ötrü qoşmalarının ismi birləşmələrə, məsdər və məsdər tərkiblərinə qoşulması yolu ilə: Mən sərinləmək üçün pəncərənin qabağında oturdum (İ.Əfəndiyev). 3. Niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? sual əvəzlikləri ilə: Bunu mənə nə üçün deyirsiniz? 4. Sonu deyə sözündən ibarət olan tərkiblərlə: Əmirxanı oyatmayır, dincəlsin deyə, Bəzən onun nəfəsinə qulaq da asır (S.Vurğun). 5. İkinci tərəfi məqsəd, uğur, yol, niyyət, bəhanə tipli sözlərdən ibarət olan ismi birləşmələrlə: Qonaqları qarşılamaq niyyəti ilə hamı həyətə çıxdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – sona çatmaq, qurtarmaq
Klassik poeziyada beytlərlə yazılan şeirlərin son beyti; tac beyt.
Məqtə şeirin sonluğu olmaqla yanaşı, daha dolğun və dərin məna daşıyan hissəsidir. Orta әsrlәr Şərq şeirindә məqtə üçün ən sәciyyәvi cәhət әsərdә tәriflәnәn şәxsә uzun ömür vә xoşbәxtlik arzulamaq idi. Məqtəlәrin başqa bir qismində isə müәllif iltifat, maddi kömәk, mükafat tәmәnnasını yazıb bildirir. Qəzəl janrında olan əsərlərin məqtə beytində şairin adı çəkilir; məsələn:
Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,
Olma vəfaya talib dünyai-bivəfadə.
Bu baxımdan məqtə əsərin müәllifinin dəqiqlәşdirilmәsindә, müəyyәn bioqrafik xarakterli mәlumat әldә edilmәsindә mətnşünaslar üçün mәnbә rolunu oynayır.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta әsrlәrdә Yaxın vә Orta Şәrq ölkәlәrindә sarayda şairlәr mәclisinin başçısı.
Məliküş-şüəra hökmdar tərəfindən verilən fəxri ad və vəzifə idi. Azərbaycanda Şirvanşahlar dövründə Əbülüla Gəncəvi məliküş-şüəra kimi tanınırdı. Həbibi Səfəvilərin məliküş-şüərası kimi təqdim olunurdu. Sarayda böyük nüfuz sahibi olan məliküş-şüəra, bir qayda olaraq, padşahın hәyatı, fәaliyyәti, xüsusilә müharibəlәri haqqında әsәrlәr yazmağa, onu tәriflәmәyә, şöhrәtlәndirmәyә borclu idi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirən şəkilçilər: I şəxs tək və cəmdə: -ım4 (-m); -ımız4 (-mız4); II şəxs tək və cəmdə: -ın4 (-n); -ınız4 (-nız4); III şəxs tək və cəmdə: -ı4 (-sı4); -ı4 (-ları2), -sı4 (-ları2).
I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın insana mənsubluğunu bildirir. III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul etmiş isim əşyanın təkcə insana deyil, başqa əşyalara da aidliyini ifadə edə bilər. Dilimizə ərəb dilindən keçmiş mənbə, mövqe, mənafe, tale, mənşə və dilimizin özünəməxsus su, nə sözləri mənsubiyyət şəkilçisi qəbul edərkən digər saitlə qurtaran sözlərdən fərqli olaraq y bitişdirici samitinin əlavə olunmasını tələb edir; məs.: tale-yim, tale-yin, tale-yi və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiPoeziyaya xas məcaz və üslubi fiqurlarla zəngin lirik sәciyyәli kiçik nəsr әsәri.
Lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan janr tipidir. Mənsur şeirdə təhkiyə genişliyi, əhvalatçılıq yox, lirik tərənnüm əsasdır. Burada nitqin emosionallığı, şeir dilinə xas rəngarənglik özünü qabarıq göstərir. Azərbaycan ədəbiyyatında bu janrın əsas nümayəndəsi Gülhüseyn Hüseynoğludur. Yazıçının “Ay nur çiləyəndə…” əsərindən: “Təbiət gümüşü rəngə boyanır, yarpaqlar pıçıldaşır, ulduz ulduzu çağırır, sevgililər görüşə çıxır, ay nur çiləyəndə… Qapılara elçilər gəlir, qızların ürəyi səksəkədə olur, qoşa zurnadan «Vağzalı» süzülür, nişanlı qızlar gəlin gedir, ay nur çiləyəndə…”
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün ifadə olunan fikirdəki xüsusi əhəmiyyətini nəzərə çatdırmaq məqsədilə cümlədəki başqa sözlərə nisbətən daha qüvvətli tələffüz edilməsi.
Azərbaycan dilində məntiqi vurğu, adətən, xəbərin yanında işlənmiş cümlə üzvünün üzərinə düşür:
1. Mən sabah kəndə gedirəm.
2. Sabah kəndə mən gedirəm.
3. Mən kəndə sabah gedirəm.
Sözlərin yerini dəyişmədən də məntiqi vurğunu dəyişə bilərik. Lakin bu qayda şifahi nitqə aiddir. Yazılı nitqdə məntiqi vurğulu söz yalnız xəbərin yanında olan söz hesab olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBәdii әsәrdә әks etdirilәn tәbiәt tәsvirlәri; bu cür təsvirlərdən ibarət olan əsər.
Mənzərə qəhrəmanın əhvali-ruhiyyəsi, xarakteri ilə əlaqələndirilir, hadisənin yerini, vaxtını bildirir, onun inkişafında, tamamlanmasında müəyyən rol oynayır. Mənzərədә müəllif (və ya lirik qəhrəman) tәbiәtә öz münasibәtini ifadә edir, onun qüdrәtindən, əsrarəngiz gözәlliyindən ilhamlanaraq fəlsəfi düşüncələrini ifadə edir. Bəzi əsərlərdə mənzərə əsərin leytmotivini, əsas məzmununu təşkil edir. Misal olaraq Rəsul Rzanın “Dağ yolu”, Ənvər Rzanın “Fəryad”, “Maşuk meşəsi” şeirlərini göstərmək olar. Bədii әsәrdә mənzərə yazıçının təsvir etdiyi hadisәlәrin daha dәrin vә tәsirli olmasına kömәk edir. Bütün ədəbi növlərdə təbiət təsvirlərindən istifadə edilə bilir. Lirik əsərlərdə şair təbiətdə müşahidə etdiyi yalnız bir cəhəti əks etdirir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti