Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mahnı

Şifahi xalq yaradıcılığında şeirlə musiqinin sintezindən ibarət lirik janr.

Adətәn, bir neçә bənd və nəqәratdan ibarət olur. Mahnı, əsasən, mәrasimlәrdә, el bayramlarında ifa olunur. Nəğmələrdən fərqli olaraq mahnıların daha kamil melodiyası və məzmunu olur və bir qayda olaraq, instru­mental musiqinin müşayiəti ilə oxunur. Poetik quruluşuna, mövzu və kompozisiyasına görə də nəğmələrdən fərqlənir. Mahnıların əksəriyyəti məhəbbət məzmunlu olsa da, ictimai-siyasi mövzuda olan mahnılarımız da var: “Üçtelli durna”, “Ahu kimi”,  “Bülbüllər oxur”, “Budur gəldi əsirlərin karvanı”, “Sona bülbüllər” və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

memuar

fr. memoires ­– xatirələr

Müәllifin şahidi olduğu, yaxud iştirak etdiyi keçmiş hadisələr haqqında yazısı; xatirə.

Avtobioqrafiya ilə müqayisədə memuarda tiplәşdirmәyә daha çox fikir verilir; yazıçı həyatdan ancaq təsvir olunan dövr və ya şəxs(lər) üçün səciyyәvi hadisәlәri seçib göstərir. Dil və üslubda bədiilik özünü göstərsə də, insanların və hadisələrin təsvirindә təxəyyülə, demək olar ki, yol verilmir. Bəzi me­muar­larda müəllif iştirak etmir, hadisələr müəllifin şəxsən tanıdığı adam(lar)ın dilindən danışılır. C.Mәm­mәd­qulu­za­dәnin “Xatiratım”, A.Şaiqin “Xatirəlәrim”, Anarın “Sizsiz” әsərləri memuar әdəbiyyatının nümunələridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

metafor

yun. metaphora – köçürmə

Məcazın növlərindən biri: əşya və ya hadisənin müəyyən bir əlamətinin digər əşya və ya hadisənin üzərinə köçürülməsi.

Şərq ədəbiyyatında, həmçinin Azərbaycan ədəbiyyatında metafora istiarə də de­yilir. “İstiarə” sözünün də ərəbcədən tərcüməsi “kö­çür­mək” mənasındadır; nümunə:

Arandan yaylağa tələsir yağış,

Şirin qaqqıltıdan göylər doymamış

Durnalar səf çəkib ötdü deyərlər. (H.Arif)

Burada insana xas olan əlamətlər (tələsmək, doymaq) təbiət hadisəsinin üzərinə köçürülüb. Yağış buludunun sürətli şə­kildə arandan yaylağa tərəf hərəkət etməsini şair bu şəkildə daha qüvvətli ifadə edə bilib. Metafora gizli bənzətmə də deyilir, çünki burada bənzətməyə xas olan “kimi”, “tək” qoş­ma­larından istifadə edilmir, varlıqlar arasındakı əlaqə, ox­şarlıq vurğulanmır. Klassik ədəbiyyatda çox vaxt “göz” əvəzinə “nərgiz”, “saç” əvəzinə “sünbül”, “sevgili” əvəzinə “gül”, “pəri”, “büt”, “mah”, “ulduz” sözlərindən istifadə olu­nur ki, bunlar da metafordur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

metonimiya

yun. metonymia – addəyişmə

Məcazın növlə­rin­dən biri: varlığın və ya hadisənin adının onunla məna ­bağ­lıl­ığı olan başqa bir ad və ya ifadə ilə əvəzlənməsi.

Me­to­nimiyadan çox zaman lakonizm məqsədilə istifadə olunur; məs.: Şəhər bütün gecəni yatmadı (şəhərin sakinləri nə­zərdə tutulur). Mənə də bir stəkan ver (bir stəkan su nəzərdə tutulur). Gecədir... Kənd yuxulu (S.Vurğun) nümunəsində “yuxulu” sözü metafor kimi də başa düşülə bilər, çünki canlı varlığı səciyyələndirən bu söz ilk baxışda məkan bildirən sözə aid edilib. Lakin burada “kəndin adamları” nəzərdə tutul­du­ğundan “kənd” sözünü metonimiya kimi qəbul etmək la­zımdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

meyxana

Xalq arasından çıxmış şairlәrin bədahətən şeir söylәdiklәri məclis; şeirləşmə, deyişmə.

Meyxanalar, əsa­sən, el şәnliklәrindә təşkil olunur, bәzәn musiqinin müşayiәti ilә, çox vaxt da musiqisiz deyilir. Meyxanada canlı hәyat hadisәlәri, ayrı-ayrı adamların nöqsan vә eyiblәri təsvir olu­nur. İfa olunan şeirlər (bədiyələr) satirik, yumoristik ça­larların zәnginliyi, oynaqlığı vә şux әhvali-ruhiyyәsi ilә seçilir. Bədi­yələr hәm bir nәfәr tәrəfindәn monoloq şәklindә, hәm dә bir neçә nәfәr tәrәfindәn deyişmә şәklində ifa oluna bilәr. Tanın­mış qəzəlxan Ə.Vahid həm də meyxanaçı kimi məşhur olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məclis

Şərq ədəbiyyatında epik və dramatik janrda yazılmış bəzi əsərlərin tərkib hissəsi.

Süjetin, kompozisiyanın bitkin ünsürü kimi çıxış edir. Klassik ədəbiyyatda bəzi poemalar məclislər şəklində qurulub. “Dastani-Əhməd Hərami”, Y.Ba­la­saqunlunun “Qutadqu-bilik”, M.Füzulinin “Saqinamə” əsər­lərini misal göstərmək olar. Məclis çox zaman münazirə şəklində olur, adətən, oxucuya xitabla, öyüd-nəsihətlə bitir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məhəbbət dastanları

Süjet xəttinin əsasını iki gəncin məhəbbəti təşkil edən xalq dastanları.

Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətidir. Çox zaman bu gənclərə yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman çox zaman sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Şah İsmayıl”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Aşıq Valeh” geniş yayılmış məhəbbət dastanlarıdır. “Şah İsmayıl” dastanı məhəbbət dastanı olsa da, süjetində qəhrəmanlıq motivləri vardır. Bir sıra xalq das­tanları əsasında operalar yazılıb: Ü.Hacıbəylinin “Koroğlu”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.Maqomayevin “Şah İsmayıl” operaları və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti