Qəzəl janrında yazılmış şeirin beytlərində hər misraya bir qısa misranın (müstəzad misra) əlavə edilməsi.
Nümunə:
Zahid, bu fəna mülkdə dövran sənin olsun,
verdim sənə yeksər.
Zöhdü vərəvü taətü iman sənin olsun,
məcmuyi sərasər...
Bixud ki məlamətlərə xəlq içrə boyandı,
yatmışdı, oyandı,
Get, dəhrdə, zahid, sərü-saman sənin olsun,
əl çək dəxi, kafər. (Molla ağa Bixud)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq deyişməlәri zamanı söylənilən tapmaca məzmunlu şeir; bağlama.
Bu zaman deyilən şeirlər məzmun, qafiyə, hətta rədif baxımından eyni olmalıdır. Forma baxımından, әsasәn, qoşma janrında olur. Aşıqlardan biri sual ifadə edən bir bənd deyir, digər aşıq şeirin formasını saxlamaqla həmin suala cavab verir. Qıfılbənd aşıqdan poetik istedadla yanaşı, bilik və məntiq tələb edir. Aşıqlar bir-birinin fəhmini, istedadını yoxlamaq üçün qıfılbənddən istifadə edirlər; məs.:
Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.
Aşıq Bəhrəm:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – parça, hissə
Klassik Azərbaycan poeziyasında ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmunlu lirik janr.
Qafiyə quruluşu qəzəl və qəsidəyə oxşasa da, ilk beytə görə fərqlənir. Qitədə ilk beytin misraları qafiyələnmir, bütün beytlərin ikinci misraları qafiyələnir: a.b, c.b, ç.b, d.b, ... Qitənin sonunda şair adını, təxəllüsünü işlətmir. Ədəbiyyatımızda Q.Bürhanəddin, İ.Nəsimi, S.Ə.Şirvani qitənin gözəl nümunələrini yaradıblar. M.Füzulinin “Padşahi-mülk...”, “Müəllim” qitələri ədəbiyyatımızda məşhurdur; məs.:
Ey müəllim, aləti-təzvirdir əşarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar.
Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətli-am üçün verir cəlladə tiği-abidar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDastanın bitkin süjetə malik bir hissəsi.
Şifahi xalq ədəbiyyatımızda bu termin daha çox “Koroğlu” dastanı ilə bağlı işlənir: “Durna teli” qolu, “Әrzurum səfəri” qolu və s. Qol dastanın üzvi tərkib hissəsi olsa da, çox vaxt konkret, bitkin bir süjetə malik olur. Aşıq məclislərində çox zaman bu və ya başqa qol müstəqil bir əsər kimi də ifa edilir. Ustad aşıqlar dastanın ümumi süjet xəttini inkişaf etdirərək ona yeni qollar da artırıblar. Qolu “Kitabi-Dədə Qorqud”dakı boyun analoqu hesab etmək olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOzanların ifa etdiyi ən qədim simli çalğı alətlərindən biri.
Güman ki, qədim türk sözlərinin birləşməsindən yaranıb: “qop” (uca, yüksək) + “uz” (avaz). Sözün başqa etimoloji açıqlamaları da var. Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Bu alət türk xalqlarının yaşadığı coğrafi ərazilərdə geniş yayılıb. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da təkamül nəticəsində indiki saz şəklini alıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBiri digərinin yuxarısında qoyulan iki nöqtədən ibarət durğu işarəsi (:).
Əsasən, aşağıdakı hallarda işlənir: 1) həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: İkincidərəcəli üzvlər: tamamlıq, təyin və zərflik xəbərlə sintaktik əlaqəyə girir; 2) aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında: Tərəflər razılığa gəldilər: sülh danışıqları davam etdiriləcək; 3) vasitəsiz nitqli cümlələrdə müəllifin sözlərindən sonra: Xətib Təbrizi demişdir: “Şeiri tənqid etmək onu yazmaqdan çətindir”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözdə iki saitin yanaşı gəlməsi.
Qoşasaitli sözlər iki qismə ayrılır: 1.Eynicinsli qoşasaitli sözlər. Belə sözlərdə qoşa sait bir uzun sait kimi tələffüz olunur. Qoşa saitlər sözün ortasında və söz sonunda gəlir; məs.: maaş, camaat, əmtəə, təbii, zoopark, məəttəl və s. Bu sözlərin hamısı alınma sözlərdir. 2. Müxtəlifcinsli qoşasaitli sözlər. Bura tərkibində ai, əi, iə, io, ia, aü, əa, üə, üa, ua, au, ao, eə, eo, ea hərf birləşmələri olan sözlər daxildir. Bu sözlərin tələffüzü zamanı ya saitlərdən biri düşür, digəri isə uzun tələffüz edilir, ya da iki saitin arasına samit əlavə edilir; məs.: səadət [sa:dət], teatr [tiyatr]. Bunlardan bəzilərinin yazılış və tələffüzü fərqlənmir: fauna, sauna, sual, memuar, kakao, fəal, mətbuat və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözdə iki samitin yanaşı işlənməsi.
Qoşasamitli sözlər iki qismə bölünür. 1. Eynicinsli qoşa samitlər: qq, kk, tt, pp, yy, bb, cc, dd, ff, ll, mm, nn, rr, vv, ss, şş, zz; məs.: səyyah, saqqız, məəttəl, xammal, cənnət, əvvəl, tələffüz, məddah, yeddi, əlli və s. 2. Müxtəlifcinsli qoşa samitlər dilimizdə geniş yayılmışdır; məs.: tənbəl, rəng, lampa, tramvay, kənd, taksi, şkaf, həftə və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQoşmanın nisbətən az təsadüf olunan növlərindən biri.
Adi qoşmadan fərqli olaraq qoşayarpaq qoşmada şeirin ikinci bəndindən başlayaraq birinci üç misrada daxili qafiyədən istifadə olunur. Aşıq Ələsgərin “Düşdü” adlı şeiri buna misal ola bilər:
Sevdiciyim, hanı gözəllər xanı?
Güzarımız sizin otağa düşdü.
Buyursan fərmanı, alalar canı,
Püşk atdıq, can sənə sadağa düşdü.
***
Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam taşdı, mən başı daşdı,
Huş başımdan çaşdı, dilim dolaşdı,
Gözləri sataşdı, buxağa düşdü.
***
Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı,
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq ədəbiyyatında hər bəndi 4 misradan, hər misrası 11 hecadan ibarət olan lirik janr.
Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Qoşmanın bəndlərinin sayı, əsasən, 3, 5, 7 olur. Son bənddə − möhürbənddə aşığın adı və ya təxəllüsü verilir; məs.:
Xəlləqul-aləmin budur qərarı,
Qış olmasa, bahar dolana bilməz.
Ər kişi vətəndən düşsə aralı,
Ah çəkib saralar, dolana bilməz...
***
Alının başını alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz. (Aşıq Alı)
Qoşma təkcə aşıq ədəbiyyatında deyil, yazılı ədəbiyyatda da geniş yayılıb. Yazılı ədəbiyyatda M.P.Vaqif, M.V.Vidadi, Q.Zakir, S.Vurğun və b. qoşma yazıblar. Qoşmanın məzmun və forma baxımından gözəlləmə, dodaqdəyməz, dildönməz, ustadnamə, vücudnamə, qoşma-müstəzad və s. növləri vardır.
Əsas nitq hissələrinə qoşularaq onların başqa sözlərlə sintaktik əlaqəsinə xidmət edən köməkçi nitq hissəsi.
Qoşmaların hər birinin ümumi qrammatik mənası var. Məsələn, kimi qoşması aid olduğu sözlərdən asılı olaraq müqayisə, zaman, məkan, tərz mənaları bildirə bilər: dostu kimi yaxşı oxumaq, səhərə kimi yatmamaq, şəhərə kimi piyada getmək, ceyran kimi qaçmaq. Qoşmalar, əsasən, isimlərə, ismi əvəz edən əvəzliklərə, məsdərə, bəzi zərflərə, eləcə də substantivləşən başqa sözlərə qoşulur. Qoşmanın qoşulduğu söz ismin dörd halında ola bilər: adlıq halda: aslan kimi, atası ilə, quştək; yiyəlik halda (ancaq əvəzliklə): mənim kimi, səninlə, onuntək; yönlük halda: kəndə kimi, evə sarı, tənbəlliyinə görə; çıxışlıq halda: dostumdan ötrü, bacımdan savayı.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQoşma və müstəzadın sintezindən yaranmış aşıq şeir şəkli.
Bəzən müstəzad-qoşma da adlanır. Hər bəndin sonunda beşhecalı bir misra – ayaq-müstəzad gəlir. Bu misra nəticə, göstəriş, inandırma çalarlarında işlənir; məs.:
Neçə müddət qərq oldular tufana,
Әmr etdi, kəbutər gəzdi hər yana,
İki yüz otuzda tapdı bir danə,
Nuh üçün fəmində gətirdi sovqat,
Qıldı ibadət. (Aşıq Әləsgər)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin leksik mənası nəzərə alınmadan malik olduğu morfoloji və sintaktik məna.
Sözün qrammatik mənası dedikdə nəzərdə tutulur:
1. Sözün hansı nitq hissəsinə aid olması.
2. Nitq hissəsi kimi hansı xüsusiyyətləri daşıması.
3. Cümlədə hansı sintaktik vəzifəni daşıması.
4. Cümlədə həm nitq hissəsi kimi, həm də cümlə üzvü kimi hansı suallara cavab verməsi.
Nümunə:
1. düşüncə – mücərrəd isimdir, nə? sualına cavab verir, adlıq haldadır, cümlədə mübtəda, tamamlıq və xəbər ola bilər.
2. güldürmək – feildir, düzəltmədir, təsirlidir, məlum növdədir və s.
3. üçün – qoşmadır, yiyəlik hala qoşulur, səbəb mənasını bildirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLeksik mənası olmayan sözlərin və şəkilçilərin omonimliyi.
Nümunə: ilə həm qoşma, həm də bağlayıcıdır: ata ilə ana, ata ilə getmək. -ın4 şəkilçisi həm hal, həm mənsubiyyət, həm də isim düzəldən leksik şəkilçidir: kitabın səhifəsi, sənin kitabın, səpin. Əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında olan omonimlik də qrammatik omonimlikdir. Məsələn, başqa sözü yerinə görə həm sifət, həm də qoşma kimi işlənə bilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün formasını dəyişən, yeni söz yaratmayan şəkilçi.
Qrammatik şəkilçilər Azərbaycan dilinin qrammatikasında daha çox iki nitq hissəsi ilə bağlıdır: isim və feillə. İsimlərə qoşulan qrammatik şəkilçilər: cəm şəkilçisi: -lar2 (analar, nənələr); mənsubiyyət şəkilçiləri: -ım4 (-m), -ın4 (-n), -ı4 (-sı4), -ımız4 (-mız4), -ınız4 (-nız4), -ları2 (anam, anamız, anan, ananız, anası, anaları); hal şəkilçiləri: -ın4 (-nın4), -a2 (-ya2), -ı4 (-nı4), -da2, -dan2 (kitabın, kitaba, kitabı, kitabda, kitabdan); xəbər (şəxs) şəkilçiləri: -am2, -ıq4, -san2, -sınız4, -dır4, -dır4+lar2 (adamam, adamsan, adamıq, adamsınız, adamdır, adamdırlar). Feillərə qoşulan qrammatik şəkilçilər: inkarlıq şəkilçisi: -ma2 (yazma, gəlmə); feil şəkillərinin şəkilçiləri: -a2, -ası2, -malı2, -sa2 (gələsi, deyəsi, yaza, oxumalı, oxusa); zaman şəkilçiləri: -ır4, -mış4 (-ıb4), -dı4, -acaq2, -ar2 (oxuyar, deyir, dedi, demiş, deyib, deyəcək, deyər); şəxs sonluqları: I şəxs: -ım4, -am2, -m, -aq2(q-k), -ıq4(-q) (yazaq, oxumuşuq, alım, baxam); II şəxs: -san2, -ın4(-n), -sınız4, -nız4 (almısan, oxudun, aldınız); III şəxs: -sın4, -dır4, -sın4(-lar2), -dır(lar) (alsın, yazsınlar, aldılar, oxumalıdırlar); məsdər şəkilçisi: -maq2 (-ma2) (gəlmək, gəlməsi, oxumaq, oxuması); feili sifət şəkilçiləri: -mış4, -acaq2, -an2, -malı2, -ası2, -dıq4+mənsubiyyət şəkilçisi (yatmış (pişik), görüləcək (iş), yazan (adam), yazdığım (kitab); feili bağlama şəkilçiləri: -ıb4, -araq2, -dıqca2, -a2-a2, -madan2, -anda2, -dıqda2, -arkən2, -dıqca4, -ınca4, -ar2-maz2 (gülüb, gülərək, güldükcə, gülə-gülə, gülmədən, güləndə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözlərin, söz birləşmələrinin və cümlələrin quruluşunu və dəyişilmə qaydalarını öyrənən dilçilik bölməsi.
Qrammatika iki yerə bölünür: morfologiya və sintaksis. Morfologiya nitq hissələrini, sintaksis isə söz birləşmələri, cümlə və mətni öyrənir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti