Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

keçmiş zaman

İş və hərəkətin danışıq vaxtından əvvəl icra olunduğunu (və ya olunmadığını) bildirən zaman forması.

Keçmiş zaman iki cür olur: şühudi keçmiş zamannəqli keçmiş zaman. Şühudi keçmiş zaman hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və -dı4 şəkilçisi ilə düzəlir; məs.: al-dı-m, al-dı-nız və s. Şühudi keçmiş zaman III şəxsin təkində şəxs şəkilçisi qəbul etmir: al-dı. Nəqli keç­miş zaman keçmişdə icra edilmiş və ya edilməmiş hərəkət barədə nəql yolu ilə məlumat verir və -mış4 şəkilçisi ilə yaranır; məs.: al-mış-am, al-mış-san, al-mış-dır və s. Nəqli keçmiş zaman ikinci və üçüncü şəxsdə -ıb4 şəkilçisi ilə də dü­zələ bilir; məs.: al-ıb-san, al-ıb-dır və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kəmiyyət budaq cümləsi

Tabeli mürəkkəb cümlənin baş cümləsindəki hərəkətin və ya əlamətin miqdarını bildirən zərflik budaq cümləsi.

Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və bu kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir; məs.: Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini bildirir; məs.: Əli nə qədər soyuq adam­dırsa, qardaşı bir o qədər istiqanlıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

konflikt

lat. conflictus – qarşıdurma, mübarizə

Bədii əsərdə süjetin inkişafının, obrazlar arasında qarşıdurmanın əsasını təşkil edən münaqişə, ziddiyyət.

“Konflikt” termini ənənəvi olaraq bədii ədəbiyyatın dram və epik növlərinə aid edilir. Lirikada konflikt lirik qəhrəmanın (müəllifin) daxili aləmi ilə həyat arasındakı ziddiyyətlər, bədii təzad vasitəsilə ifadə edilir. Əsərdə süjetin inkişaf mərhələləri konfliktlə müəyyənləşir: düyün (zavyazka) – konfliktin yaranması, kulminasiya – kon­fliktin ən kəskin həddə çatması, açılma (razvyazka) – kon­flik­tin həlli. Bununla yanaşı, xarakterin açılması da konfliktin inkişafı prosesində baş verir. Elmi ədəbiyyatda bəzən “kon­flikt” termini əvəzinə “kolliziya” sözü işlənir. Lakin kolliziya daha mücərrəd məfhumdur. Konflikt konkret xarakterlər, xarakter və onu əhatə edən sosial mühit arasında və ya xa­rakterin öz daxilində baş verir. Kolliziya dedikdə isə mü­cər­rəd qüvvələr, əbədi dəyərlər arasındakı ziddiyyət başa düşülür.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti