Ahəng qanununa tabe olan və tərkibində a və ə saitləri iştirak edən qrammatik və leksik şəkilçilər: -lar, -lər (-lar2), -dan, -dən (-dan2), -an, -ən (-an2), -la, -lə (-la2) , -al, -əl (-al2), -qan, -kən, -ğan, -gən və s.
Nümunə: kitab+lar, göz+lər, ağ+ar+maq, göy+ər+mək və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTipoloji (morfoloji) quruluşuna görə dünya dil qruplarından biri: söz kökünün sabit qaldığı, şəkilçilər vasitəsilə sözün leksik və qrammatik mənasının dəyişdiyi dillər.
Asiya, Afrika və Okeaniyanın bir çox dilləri iltisaqi dillərdir. Azərbaycan dili də türk dillərinin bir qolu kimi iltisaqi dillər qrupuna daxildir. Flektiv dillərdən fərqli olaraq iltisaqi dillərdə şəkilçilər sözün kökünü dəyişmir, söz kökü ilə şəkilçi arasında dəqiq sərhəd olur; məs.: kitab+ın, kitab+lar, kitab+xana. Bu dillərdə, bir qayda olaraq, əvvəl sözün kökü, sonra isə leksik və qrammatik şəkilçilər işlənir: kitab-çı-lar, yaz-ıl-ıb və s. Bir sıra alınma şəkilçilər istisna təşkil edir (naümid, bisavad).
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlədə inkarlıq mənasının yaranmasına xidmət edən ədatlar.
İnkar ədatları bunlardır: xeyr, yox, heç, heç də. Xeyr və yox ədatlarının işləndiyi cümlələrdə xəbər təsdiqdə ola bilsə də, heç və heç də ədatları işlənən zaman xəbər inkarda olur; məs.: Yox, mən özüm bu işin öhdəsindən gəlməliyəm. Onun uğuruna heç inanmıram.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞəxsin, əşyanın və ya onların əlamətinin varlığını inkar edən əvəzliklər: heç kim, heç kəs, heç hara, kimsə.
İnkar məzmunlu əvəzliklərin işləndiyi cümlələrdə xəbər həmişə inkarda işlənir. Kimsəsi yox oyada (bayatıdan). Heç yerə, heç yana mən tələsmirəm (S.Vurğun).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTabesizlik bağlayıcılarının məna növlərindən biri: nə, nə də, nə də ki.
Bu bağlayıcılar feilləri bir-birinə bağlayanda -ma2 inkar şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil, yox sözlərini əvəz edir. İnkar bağlayıcıları işlədilən cümlənin xəbəri təsdiqdə olur; məs.: Pərişanlıq zülfün öz qaydasıdır, Nə badi-səbadan, nə şanədəndir (M.P.Vaqif). Nə ömrə acıyır, nə yaşa dünya (S.Vurğun).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. intono – ucadan tələffüz edirəm
Cümlənin başlıca əlamətlərindən olub onun qrammatik cəhətdən formalaşmasını təmin edən vasitələrdən biri.
İntonasiya nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), tempi (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, pauzası və bu kimi hadisələrin məcmusuna deyilir. Şifahi nitqdə intonasiya cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir. Məsələn, “Qoca ovçu paltarını geyindi” cümləsində pauzanın yerindən asılı olaraq “qoca” və “ovçu” sözlərinin cümlədəki sintaktik rolu dəyişə bilər. Bədii deklamasiya zamanı düzgün seçilmiş intonasiya mətnin ekspressivliyinə, onun dinləyici tərəfindən daha aydın və emosional qavranılmasına kömək edir. Mətndə təntənə, istehza, acıq, kədər ruhu məhz intonasiya vasitəsilə yaranır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. intrigue > lat. intrico – çaşdırıram
Bədii əsərdə qəhrəmanın taleyinə maraq yaradan motiv və hadisələrin məcmusu.
İntriqa oxucunu əsərə cəlb edən, onda hadisələrin sonrakı gedişinə maraq oyadan vasitələrdən biridir. Әsərdə intriqa çox zaman surətlərin xarakter, məqsəd və ideya cəhətdən bir-birindən fərqli, ziddiyyətli olması nəticəsində yaranır. Lakin buradakı ziddiyyət və münaqişəni bədii konfliktlə eyniləşdirmək olmaz. Əsərdə intriqa konflikt olmadan da yarana bilər. Bəzən intriqa qəhrəmanın çətin vəziyyətə düşməsi, onun hər hansı məqsəd uğrunda mübarizəyə qoşulması ilə yaranır. Məsələn, Robinzon Kruzonun kimsəsiz adaya düşməsi ilə intriqa yaranır. Oxucunu əsəri sona qədər oxumağa vadar edən də bu intriqadır: “Görəsən, qəhrəman bu adadan qurtula biləcəkmi?” İntriqa daha çox süjetli əsərlər üçün xarakterikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. inversio – çevirmə, yerdəyişmə
Cümlə üzvlərinin düzgün sırasının pozulması.
Mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Bu ardıcıllıq pozularsa, inversiya yaranmış olur; məs.: Gedirəm mən bu gün rayona. Bu cümlədə cümlə üzvlərinin düzgün ardıcıllığını bərpa etsək, “Mən bu gün rayona gedirəm” olar. Söz və ifadələrin inversiya yolu ilə yerdəyişməsi bədii dili daha güclü və təsirli edir. Bundan daha çox poeziyada ritm və qafiyə yaratmaq məqsədilə istifadə olunur.
İnsan qalıb özü ilə qarşı-qarşıya,
Ağıl qalıb xeyir ilə şər arasında. (M.Araz)
Müqayisə et: İnsan özü ilə qarşı-qarşıya qalıb. Ağıl xeyir ilə şər arasında qalıb.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti